Kamilo Duran: “Sabah”la matçlar çempionluq üçün həlledici ola bilər”

15 Mart 2026 10:53
105
Kamilo Duran: “Sabah”la matçlar çempionluq üçün həlledici ola bilər”

Azərbaycan Kubokunun yarımfinalında və Misli Premyer Liqasında "Sabah"la oyunlar "Qarabağ" komandası üçün həlledici olacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin futbolçusu Kamilo Duran jurnalistlərin suallarını cavablandırarkən bildirib.

- Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub etdiniz. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Çətin oyun olacağını gözləyirdik. Ümumiyyətlə, "Zirə" ilə görüşlər hər zaman ağır keçir. Onlar həmişə işimizik çətinləşdirirlər. Bununla belə, komanda şəklində meydanda yaxşı iş gördük və üç xalımızı qazandıq. İndi artıq qarşıdakı matçlara köklənməliyik.

- Meydana çıxarkən artıq əsas rəqibiniz "Sabah"ın qələbə qazandığını bilirdiniz. Bu məqam üzərinizdə əlavə təzyiq yaratmırdı?

- Yox, biz hər oyuna üç xal qazanmaq məqsədi ilə çıxırıq. Bu matçda da istisna təşkil etmədi. Ümumi vəziyyətdən asılı olmayaraq hədəf qalib gəlmək idi. Buna da nail olduq.

- Növbəti turda ikinci dövrədə məğlub olduğunuz "Kəpəz"lə qarşılaşacaqsınız...

- Bəli, əvvəlki dövrədə onlara uduzmuşduq. Bu dəfə eyni səhvləri təkrarlaya bilmərik. Səfər mütləq üç xal üçün yollanacağıq. Fasilə öncəsi mütləq qalib gəlməliyik.

- Gələn ay kubok və çempionatda "Sabah"la üç oyun keçirəcəksiniz. Bu mənada apreldəki qarşılaşmaları həm çempionluq, həm də kubok baxımından "Qarabağ" üçün həlledici saymaq mümkündür?

- Məncə, hə, hardasa belə demək olar. Qarşıdakı matçlara yaxşı hazırlaşmalıyıq ki, həmin 3 oyunda "Sabah" üzərində qələbə qazanaq. Ümid edirəm ki, Allahın köməkliyi ilə elə də olacaq.

- Bu günlərdə Kolumbiya millisindən dəvət aldınız. Bu təklifi gözləyirdinizmi?

- Düzdür, belə söhbət var. Lakin hələlik mənə Kolumbiyadan zəng gəlməyib. Ona görə də bir qədər gözləmək lazımdır. Millinin heyəti tam rəsmən açıqlanandan sonra bu barədə danışmaq olar.

İdman.Biz