Emil Mustafayev: “Avrokuboklara düşmək üçün hər şeyimiz var idi” - MÜSAHİBƏ

10 May 2026 12:52
81
Emil Mustafayev: “Avrokuboklara düşmək üçün hər şeyimiz var idi” - MÜSAHİBƏ

“Son iki oyunda yaxşı oynadıq”.

Bunu “Sumqayıt”ın yarımmüdafiəçisi Emil Mustafayev futbolxeber.az-a verdiyi müsahibədə deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının 31-ci turunun gərgin oyununda “Araz-Naxçıvan” üzərində qələbə qazandınız (2:1). Görüşü necə şərh edərdiniz?

- Hər şey yaxşı alındı. Qalib gəldiyimiz üçün əhval-ruhiyyəmiz yaxşıdır. Son dəqiqələrdə xarakter sayəsində qələbəni qopardıq. İlk növbədə azarkeşlərimizi təbrik edirəm. Onlar qələbəyə layiq idilər. Eləcə də komandamızın üzvlərini təbrik edirəm.

- Artıq bir neçə turdur “Sumqayıt” avruboklar şansını itirib. Belədə oyunlara köklənmək nə dərəcədə çətin olur?

- Elədir, avrokuboklar şansımızı itirmişik. Buna baxmayaraq, hər matça qələbə üçün çıxırıq. Azarkeşlərimiz üçün oynayırıq. Onları sevindirmək istəyirik. Son oyunlarda bu, müəyyən qədər alınır. Təbii ki, avrokuboklara yollanmağı çox istəyirdik. Bunun üçün komandamızın hər şeyi var idi: yaxşı oyunçular, güclü leginerlər, bacarıqlı məşqçilər korpusu. Təəssüf ki, istəyimizə çatmadıq. Düşünürəm ki, növbəti mövsüm alınar.

- “Sumqayıt”ın avrokuboklardan kənarda qalmasının əsas səbəbi qeyri-stabillik oldu. Razısınız bununla?

- Açığı, konkret səbəb demək çətindir. Anlaşılmaz qollar buraxırdıq. Demək olar ki, bir çox oyunlarda özümüz öz qapımız qarşısında qol epizodu yaradırdıq. Eləcə də qol şanslarını boşa verirdik. Təbii ki, bütün bunlarda nəticələrə birbaşa təsir göstərib.

- Sanki “Sumqayıt” avrokuboklar şansını itirdikdən sonra daha rahat və yaxşı oynamağa başlayıb...

- Son iki oyunda yaxşı oynadıq. Bəlkə də hazırda üzərimizdə gərginlik yoxdur deyə çıxışımız istədiyimiz kimi alınır.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz? “Sumqayıt”dakı performansınızdan razısınız?

- Özümün öz çıxışıma qiymət verməyim çətindir. Mən meydana çıxdığım hər matçda əlimdən gələni edirəm. Çalışıram komandama faydalı olum. Amma yenə deyirəm, öz oyunumu qiymətləndirməyim düzgün olmaz. Bu suala mütəxəssislər, azarkeşlər, jurnalistlər cavab versə, daha yaxşı olar.

- Sizi yeni mövsümdə də “Sumqayıt”da görə biləcəyik?

- İndi konkret fikir bildirə bilmərəm. Bilirsiniz ki, mənim hələ Ukraynanın “Polesye” klubu ilə bir illik müqaviləm var. Mövsüm yekunlaşdıqdan sonra danışacağıq.

İdman.Biz