İranın qadınlardan ibarət futbol milisinin üzvlərinin Avstraliyada sığınacaq istəməsi ilə bağlı dramatik hadisələr davam edir. Avstraliyanın daxili işlər naziri Toni Burk ölkə parlamentinə müraciətində komandanın yeddi üzvünə sığınacaq verildiyini təsdiqləsə də, onlardan birinin son anda qərarını dəyişdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, nazirin adını açıqlamadığı futbolçu komanda yoldaşlarının məsləhəti ilə sığınacaq fikrindən daşınıb və İran səfirliyi ilə əlaqə saxlayıb.

Nazirin sözlərinə görə, bu addım digər futbolçuların təhlükəsizliyi üçün risk yaradıb:
“Səfirlik artıq hər kəsin yerini bildiyi üçün digər oyunçuları dərhal təhlükəsiz evlərdən başqa məkanlara köçürməli olduq”.
İran tərəfi isə sığınacaqdan imtina edən milli futbolçunun Muhaddisə Zolfi olduğunu açıqlayıb. Bildirilib ki, Muhaddisə Avstraliya hökuməti və bəzi media qurumlarının təzyiqi altında sığınacaq üçün müraciət edibmiş və komanda yoldaşları ilə məsləhətləşdikdən sonra bu addımından peşman olub.

Hadisələr İran millisinin Asiya Kuboku matçından əvvəl dövlət himnini oxumaqdan imtina etməsindən sonra başlayıb. İran dövlət televiziyası futbolçuları “xain” adlandırsa da, ölkənin Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi onları vətənə qayıtmağa çağırıb.
Qeyd edək ki, milli komandanın üzvləri bu gün Malayziyaya çatıblar və ölkələrinə geri dönəcəklər. Onların aeroporta gəlməsi ilə gərgin anlar yaşanıb.
