Səbuhi Səfiyarlı: “Araşdırmalar davam edir, bu, belə qalmayacaq” - MÜSAHİBƏ

11 Mart 2026 18:08
116
Səbuhi Səfiyarlı: “Araşdırmalar davam edir, bu, belə qalmayacaq” - MÜSAHİBƏ

“Hər oyunda belə olsaydı, deyərdik ki, futbolçularda xarakter yoxdur”.

Bunu “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı qol.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Qəbələ” 5 turdur qalib gələ bilmir. “Sabah”la son oyunda isə 1:7 hesabı ilə uduzdu. Klub rəhbərliyi bununla bağlı nə düşünür, hansı addımlar atılacaq?

- Bəli, son turlarda komanda yaxşı oynamırdı. “Sabah”la oyunda isə belə hesabla uduzmağımız gözlənilməz oldu. “Sabah”la yaxın müddətdə daha 4 oyun keçirmişdik və heç birində belə acınacaqlı nəticə qeydə alınmamışdı. Ümumiyyətlə, heç bir komandaya belə böyük hesabla uduzmamışdıq. Uduzduğumuz oyunlarda da komanda döyüşkən olmuşdu, əzmkarlıq göstərmişdi. Bu məğlubiyyət həqiqətən çox gözlənilməz və üzücü oldu. Məğlubiyyətə hansısa səbəb göstərsəm, bəhanə kimi görünəcək. Ona görə də səbəb göstərməyin mənası yoxdur. Səbəb bizim özümüz üçün var ki, bir daha belə hal təkar olunmasın və bundan bir nəticə çıxaraq. Nəticə çıxarmaq üçün araşdırma aparırıq. Bu da klubun daxili işidir. Futbolçularla görüş olub, yenə olacaq. Hamı başa düşməlidir ki, bu komanda heç vaxt belə uduza bilməz. Başqa deyiləsi bir söz yoxdur. Belə məğlubiyyətə görə ancaq azarkeşlərdən üzr istəmək qalır. Çalışmalıyıq ki, bir də belə hal olmasın.

- “Qəbələ” kimi klubların futbolçuları əsasən xarakter sayəsində uğura çata bilərlər. “Sabah”la görüşdə isə komandada xarakter görünmədi.

- Hər oyunda belə olsaydı, deyərdik ki, futbolçularda xarakter yoxdur. Amma 3-4 gün əvvəl “Sabah”la kubok matçında komanda çox gözəl futbol oynamışdı. Birdən-birə komandanın belə bir vəziyyətə düşməsi... Nəsə demirəm. Çünki qeyd etdiyim kimi, nəsə desəm, bəhanə kimi çıxacaq. Səbəb demək istəmirəm, çünki 1:7 hesabına heç bir səbəb yoxdur. Ona görə də deyiləcək çox söz yoxdur.

- “Qəbələ” hazırda 11-ci pillədədir ki, bu da Premyer Liqadan düşmə riski yaradır.

- Aydın məsələdir ki, bu zonadan uşaqlaşmaq lazımdır. Yuxarı pillələrdə olan komandalarla da çox xal fərqimiz yoxdur. Komanda toparlansa, əvvəlki vəziyyətinə qayıda bilsə, yenə də yaxşı nəticələr gələcək. Sadəcə son oyunlardan nəticə çıxarmaq və düzgün qərarlar vermək lazımdır.

- Uğursuz nəticələrə görə baş məşqçi Kaxaber Sxadadze ilə görüş olub?

- Bəli, dünən baş məşqçi ilə söhbətimiz oldu. Əlbəttə ki, o da məyusdur, vəziyyəti araşdırmalıdır. Növbəti oyuna qədər durumu araşdıracaq. Oyuna qədər həm komanda, həm də məşqçilərlə daha 1-2 görüşümüz olacaq. Dediyim kimi, araşdırmalar davam edir, bu, belə qalmayacaq. Bütün futbolçular da başa düşməlidir ki, belə bir şey təkrar oluna bilməz.

- “Sabah”la son oyunda Kaxaber Sxadadzevnin azarkeşlərdən biri ilə mübahisə etdiyi, onu hədələdiyinə dair video yayılmışdı. Bu haqda nə deyə bilərsiniz?

- Sxadadze olmasın, mən olum, siz olun, 1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz? Məğlubiyyəti mülayim qarşılasaydı, təəccüblü onda olardı ki, bunun vecinə deyil. O cür məğlubiyyət zamanı məşqçinin belə davranması başadüşüləndir. Kim olsa, hansısa sözə, hərəkətə elə reaksiya verərdi. Sadəcə olaraq bu epizod kameraya tuş gəlib. Futboldur, emosialarla doludur, hər şey ola bilər. Mən inanmıram ki, komanda yaxşı oynayanda belə bir hadisə yaşansın. Bu cür etmək vəziyyətlə barışmamaqdır. Azarkeşləri də başa düşürük. Eyni şeyi onlar haqda da demək olar. 1:7 hesabı ilə uduzan və meydanda döyüşməyən bir kollektiv görürlər. Onların da reaksiyasını başa düşürük. Sadəcə elə etmək lazımdır ki, bir də bu hallar yaşanmasın. Bundan hansısa başqa nəticə çıxarmaq düzgün olmaz.

İdman.Biz