İspaniyanın “Barselona” futbol komandasının prezidenti Joan Laporta baş məşqçi Hansi Flik və ulduz hücumçu Robert Levandovski ilə müqavilənin müddətini uzatmaq niyyətində olduğunu bildirib.
İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, klub rəhbəri almaniyalı mütəxəssisin işindən olduqca razıdır.
“Bəli, mən onun növbəti illərdə də “Barselona”nın məşqçisi olmasını istəyirəm. Onun lazımi bütün keyfiyyətləri var. Flik ciddi, bilikli, peşəkar və intizamlıdır. Futbolçularla yaxşı dil tapır, bu klubun nə demək olduğunu anlayır və burada özünü rahat hiss edir. O, çox müsbət ab-hava yaradıb, güclü şəxsiyyətə və aydın xarakterə malikdir. Ona heyranam”, - deyə Laporta bildirib.
Laporta Robert Levandovskiyə olan xüsusi rəğbətini və minnətdarlığını da gizlətməyib:
“İlk növbədə, o, əla oyunçudur və qollar vurur. Digər tərəfdən, mən böyük oyunçulara minnətdarlıq əlaməti olaraq həmişə müqaviləni bir illik uzadıram. Levandovskiyə çox minnətdaram, çünki o, klub üçün çətin vaxtda çox sevdiyi “Bavariya”nı tərk edərək bura gəldi. “Barselona” naminə çox şeydən fədakarlıq etdi. Əgər istəyi olsa, onun daha bir il bizimlə qalmasını çox istərdim”.
