Çempionlar Liqası: Madriddə nəhənglərin dueli və sürpriz ehtimalı - İDMAN.BİZ-in İCMALI

11 Mart 2026 16:09
112
Çempionlar Liqası: Madriddə nəhənglərin dueli və sürpriz ehtimalı - İDMAN.BİZ-in İCMALI

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları bu gün keçiriləcək görüşlərlə davam edəcək.

İdman.Biz xəbər verir ki, proqramın son günü həm nəhənglərin qarşıdurmaları, həm də mümkün sürprizlərlə diqqət çəkir. Axşamın əsas hadisələri isə “Real” - “Mançester Siti” və PSJ - “Çelsi” matçları olacaq.

“Bayer” - “Arsenal”

Bu mərhələnin ən maraqlı, lakin müəyyən mənada yetərincə qiymətləndirilməyən cütlüklərindən biridir. “Arsenal” pley-off mərhələsinə əla formada gəlib. London klubu turnirin ümumi mərhələsini ideal nəticə ilə başa vurub: 8 oyunda 8 qələbə, 23 qol və cəmi 4 buraxılan top. Mikel Artetanın komandası eyni zamanda İngiltərə Premyer Liqasında da liderdir və Almaniyaya yüksək əhval-ruhiyyə ilə yollanır.

Qonaqların heyətində də müəyyən xəbərlər var: Vilyam Saliba oynamağa hazırdır, lakin Martin Edeqor ilk görüşü buraxacaq. Bu isə yarımmüdafiədə kreativliyə təsir edə bilər. “Bayer” isə Bundesliqada daha qeyri-sabit mövsüm keçirir və hazırda 6-cı pillədədir. Patrik Şikin oynayıb-oynamayacağı da sual altındadır. Buna baxmayaraq, Leverkuzen təmsilçisi öz meydanında yüksək temp diktə edərək favoriti çətin vəziyyətə sala bilər.

“Bode-Qlimt” - “Sportinq”

Bu mərhələdə sensasiya ehtimalı olan cütlük məhz budur. “Bode-Qlimt” Çempionlar Liqasında debüt mövsümünü keçirir, lakin artıq Avropanı təəccübləndirməyi bacarıb. Norveç klubu “Mançester Siti” və “Atletiko”nu məğlub edib, daha sonra isə “İnter”i iki oyunun nəticəsinə görə 5:2 hesabı ilə yarışdan kənarlaşdırıb. Komanda həmçinin turnirin əsas mərhələsində ardıcıl dörd qələbə qazanan ilk Norveç klubu olub.

“Sportinq” isə ümumi mərhələnin ilk səkkizliyində yer alaraq birbaşa 1/8 finala yüksəlib və bu yolda PSJ kimi güclü rəqibləri məğlub edib. Lakin səfər oyunu ərəfəsində portuqaliyalıların heyətində problemlər var: Maksi Arauxo və Pedro Qonsalveş diskvalifikasiya səbəbindən oynamayacaq, digər itkilər də mövcuddur. “Sportinq” üçün əsas məsələ meydan sahiblərinin başlanğıcdakı təzyiqinə tab gətirməkdir.

PSJ - “Çelsi”

Adlara və son illərin tarixçəsinə görə bu, mərhələnin ən diqqətçəkən cütlüklərindən biridir. Turnirin son qalibi PSJ 1/8 finala “Monako” ilə gərgin qarşıdurmadan sonra yüksəlib - iki oyunun nəticəsinə görə 5:4. Luis Enrike həmin matçlardan sonra çətin yolun komandanı həlledici mərhələlərə daha yaxşı hazırlaya biləcəyini bildirib.

Lakin “Çelsi” ilə görüşdən əvvəl parislılar xoşagəlməz siqnal alıblar – Fransa çempionatında öz meydanlarında “Monako”ya 1:3 hesabı ilə uduzublar. Buna baxmayaraq, PSJ Liqa 1-də liderliyini qoruyur. “Çelsi” isə əksinə, yaxşı seriya yaxalayıb: “Aston Villa” üzərində 4:1 hesablı qələbə, Joao Pedronun het-triki və “Reksem”i məğlub edərək İngiltərə Kubokunun 1/4 finalına yüksəlmə. Maraqlı məqam ondan ibarətdir ki, yayda keçirilən klublararası dünya çempionatının finalında londonlular parislıları 3:0 hesabı ilə məğlub etmişdilər.

“Real Madrid” - “Mançester Siti”

Axşamın və bəlkə də bütün mərhələnin əsas qarşıdurmasıdır. Son illərdə bu komandalar Çempionlar Liqasının pley-off mərhələsində artıq beşinci dəfədir üz-üzə gəlir və çox vaxt bu duelinin qalibi sonradan turnirin qalibi olur.

Cari mövsümdə komandalar artıq ümumi mərhələdə qarşılaşıblar və həmin oyunda “Mançester Siti” “Santyaqo Bernabeu”da 2:1 hesabı ilə qalib gəlib.

“Real” bu matça İspaniya çempionatında “Selta” üzərində qazandığı 2:1 hesablı qələbədən sonra çıxacaq. Bu nəticə madridlilərə “Barselona” ilə xal fərqini birə endirməyə imkan verib. Lakin komandanın ciddi itkiləri var: Cud Bellinqem, Rodriqo, David Alaba, Eder Militao və Dani Sebalyos zədəlidir, Kilian Mbappenin iştirakı isə sual altındadır.

“Mançester Siti”də vəziyyət daha stabildir. Pep Qvardiolanın komandası yaxşı formada görüşə hazırlaşır. Əsas xəbərlərdən biri isə İngiltərə Kubokunda “Nyukasl”la oyunu buraxan Erlinq Holannın heyətə qayıtmasıdır. Bununla belə, “Bernabeu”nun atmosferi və “Real”ın bu cür matçlardakı təcrübəsi qarşıdurmanı yenə də tam proqnozlaşdırılmaz edir.

İdman.Biz