Şotlandiyanın Qlazqo şəhərini təmsil edən iki ən böyük və əzəli rəqib klubun - “Seltik” və “Reyncers” arasındakı rəqabət (“Old Firm” derbisi) dramatik sonluq və kütləvi iğtişaşlarla yadda qalıb. Penalti seriyasında qalib gələn “Seltik”in sevincinə azarkeşlərin meydançaya daxil olması kölgə salıb.
İdman.Biz xəbər verir ki, oyunun final fitindən dərhal sonra “Seltik” tərəfdarları qələbəni qeyd etmək üçün kütləvi şəkildə yaşıl meydana axışıblar. Bu məqamda məğlubiyyəti qəbul edə bilməyən “Reyncers” azarkeşlərinin də meydana daxil olması vəziyyəti daha da gərginləşdirib. İki əzəli rəqibin tərəfdarları arasında yaranan qarşıdurma polisin müdaxiləsi ilə çətinliklə yatırılıb.
Meydanda yaşanan gərginlik nəticəsində bəzi futbolçuların və təhlükəsizlik əməkdaşlarının xəsarət aldığı bildirilir. Şotlandiya Futbol Assosiasiyasının hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayacağı və hər iki kluba ağır sanksiyaların tətbiq olunacağı gözlənilir.
