Ayxan Abbasovdan sərt tənqid: “İmişli” nə özü oynayır, nə də rəqibə imkan verir” - VİDEO

8 Mart 2026 18:55
118
Ayxan Abbasovdan sərt tənqid: “İmişli” nə özü oynayır, nə də rəqibə imkan verir” - VİDEO

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Şamaxı” - “İmişli” matçından sonra ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Qolsuz heç-heçə ilə yekunlaşan qarşılaşmanı şərh edən mütəxəssis, futbolçularının psixoloji yorğunluğuna və rəqibin oyun üslubuna diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Ayxan Abbasov komandasının sıx qrafikdə çıxış etdiyini və son matçdakı məğlubiyyətin oyunçulara mənfi təsir göstərdiyini bildirib. O, yorğunluğa rəğmən 90 dəqiqə boyu yaxşı mübarizə apardıqlarını qeyd edərək, “İmişli”nin oyun taktikası barədə sərt danışıb. Baş məşqçinin sözlərinə görə, rəqib komanda çempionatda ən çox heç-heçə edən kollektivdir və onlar meydanda futbol oynamaqdan daha çox rəqibi dayandırmağa köklənirlər. Abbasov eyni mənzərəni daha əvvəl Qubadakı oyunda da gördüklərini xatırladaraq, bu cür qapalı oyun qarşısında qazanılan bir xalın turnir cədvəlindəki yerlərini qorumaq baxımından mühüm olduğunu vurğulayıb.

Klubun cari mövsümdəki hədəflərindən danışan mütəxəssis qeyd edib ki, əsas məqsəd Premyer Liqada qalmaq idi. O, “Şamaxı”nın büdcə və imkan baxımından digər aşağı pillədəki komandalardan fərqlənmədiyini, buna baxmayaraq gənclər və yeni legionerlərlə sabit nəticə göstərdiklərini deyib. Kubokdakı uğursuzluğu isə rəqib “Qarabağ”ın gücü və öz heyətindəki təcrübə azlığı ilə əlaqələndirib.

Jurnalistlərin yerli oyunçulara görə klublara verilən bonuslar və buna görə gənclərə daha çox şans verilməsi ilə bağlı sualına isə Ayxan Abbasovun cavabı qəti olub. Baş məşqçi bu məsələnin sırf ona aid olduğunu və rəhbərliklə müzakirə edilmədiyini bildirib. O, hər matçda öz yanaşması və məqsədləri istiqamətində heyət seçimi etdiyini, kimin meydana çıxacağına yalnız özünün qərar verdiyini əlavə edib.

İdman.Biz