Ekvador çempionatının (“LigaPro”) növbəti turunda baş tutan “İndependiente del Valye” - “Muşuk Runa” matçı futbol dünyasını sarsıdan ağır zədə ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın gedişatında “Muşuk Runa”nın müdafiəçisi Brayan Neqro rəqibi Jan Pierre Arroyo Vernazaya qarşı həddindən artıq sərt və təhlükəli müdaxilə edib. Top uğrunda mübarizə zamanı Neqronun ayağı birbaşa rəqibin sol ayağına tuş gəlib və nəticədə 22 yaşlı yarımmüdafiəçinin ayağı topuqdan qırılıb.
Hadisə yerinə dərhal tibbi heyət çağırılıb. Zədənin ağırlığını nəzərə alan həkimlər Vernazanı meydançadan ambulansla xəstəxanaya çatdırıblar. Hakim qaydanı kobud şəkildə pozan Brayan Neqronu dərhal qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb.
İlkin tibbi müayinələr futbolçunun sol ayağında ciddi sınıq olduğunu təsdiqləyib. ütəxəssislərin rəyinə görə, Vernazanın yaşıl meydanlara qayıtması üçün ən azı 6-9 ay vaxt lazım olacaq.
