“Neftçi” futbol klubunun baş məşqçisi Yuri Vernidub İranın Naxçıvana raket hücumu barədə xəbərləri şərh edib.
İdman.Biz sport.ua saytına istinadla xəbər verir ki, ukraynalı mütəxəssis zərbənin İran sərhədi yaxınlığında yerləşən şəhərin hava limanına endirildiyini bildirib.
“Bilirəm ki, Naxçıvana - İran sərhədinə yaxın yerləşən şəhərə hücum olub. Deyəsən, iki “Şahid” hava limanına zərbə endirib. Xoşbəxtlikdən, insanlar arasında tələfat yoxdur, yalnız yaxınlıqdakı binalara ziyan dəyib”, - deyə Vernidub qeyd edib.
Məşqçinin sözlərinə görə, Azərbaycan hakimiyyəti baş verənlərə dərhal reaksiya verib:
“Azərbaycan hakimiyyəti dərhal etiraz notası ilə öz mövqeyini bildirdi. Dünyada dəhşətli hadisələr baş verir: Dubay, Əbu-Dabi, Yaxın Şərq ölkələrinin digər iri şəhərləri əziyyət çəkir. Elə təəssürat yaranır ki, üçüncü dünya müharibəsi yaxınlaşır”.
Vernidub həmçinin vurğulayıb ki, ölkə paytaxtında vəziyyət sakit olaraq qalır:
“Əlbəttə ki, müvafiq təhlükəsizlik tədbirləri görülüb. Lakin mən detalları bilmirəm, çünki səhərdən axşama qədər klubun bazasında oluram və futbol işləri ilə məşğul oluram. Deyə bilərəm ki, Bakıda hazırda sakitlikdir”, - deyə mütəxəssis əlavə edib.
