Tarixin ən titullu prezidenti: Florentino Peresin 79 yaşı tamam olur

8 Mart 2026 10:37
85
Tarixin ən titullu prezidenti: Florentino Peresin 79 yaşı tamam olur

Bu gün dünya futbolunun ən nüfuzlu simalarından biri, “Real Madrid” futbol klubunun prezidenti Florentino Peresin ad günüdür. Madrid klubunun tarixinə adını qızıl hərflərlə yazdıran rəhbərin 79 yaşı tamam olur.

İdman.Biz xəbər verir ki, Peresi “Kral klubu”nun tarixindəki bütün digər rəhbərlərdən fərqləndirən əsas məqam onun qazandığı uğurlardır. Məhz onun rəhbərliyi dövründə “Real” ümumilikdə 37 kubok qazanaraq əlçatmaz bir rekorda imza atıb. Bununla da o, klubun əfsanəvi prezidenti Santyaqo Bernabeunu geridə qoyaraq “Real”ın tarixində ən çox titul qazanan prezident statusunu möhkəmləndirib.

Peresin “Qalaktikos” layihəsi ilə başlayan fəaliyyəti Madrid təmsilçisini həm maliyyə, həm də idman nailiyyətləri baxımından zirvəyə daşıyıb. Onun rəhbərliyi altında klub bir neçə dəfə Çempionlar Liqasının qalibi olub və dünya ulduzlarını bir araya gətirərək “Real” brendini qlobal səviyyədə yenilməz edib.

Hazırda 79 yaşını qeyd edən Peresin rəhbərliyi ilə Madrid klubu həm yenilənmiş “Santyaqo Bernabeu” stadionu, həm də gənc ulduzlardan ibarət heyəti ilə yeni bir eranın təməlini qoymaqda davam edir.

İdman.Biz