“Barselona”nın hücumçusu Robert Levandovski zədə səbəbindən Kral Kubokunun yarımfinal mərhələsinin “Atletiko” ilə cavab matçında iştirak edə bilməyəcək. Martın 3-də keçiriləcək taleyüklü qarşılaşma öncəsi bu xəbər Kataloniya klubu üçün ciddi itki hesab olunur.
İdman.Biz xəbər verir ki, təcrübəli forvard “Vilyarreal”la son çempionat oyununda başından xəsarət alıb.
Bu gün aparılan tibbi müayinələr nəticəsində polşalı futbolçunun sol göz yuvasının daxili tərəfində sümük sınığı aşkar edilib.
Klubun tibbi heyəti Levandovskinin çərşənbə axşamı baş tutacaq matçı buraxacağını rəsmən təsdiqləyib. “Spotify Camp Nou”da keçiriləcək bu qarşılaşma “Barselona” üçün xüsusilə çətindir, çünki komanda ilk oyunda Madriddə 0:4 hesabı ilə məğlub olub.
