Argentina futbolunda görünməmiş böhran yaşanır. Ölkədəki vergi qalmaqalı səbəbindən bütün futbol çempionatları qeyri-müəyyən müddətə dayandırılıb.
İdman.Biz xəbər verir ki, Argentina Futbol Assosiasiyası (AFA) dövlət qarşısında vergi borclarını ödəməməkdə ittiham olunur. Lakin assosiasiya rəsmiləri bu iddiaları rədd edərək bütün hesabların vaxtından əvvəl bağlandığını və heç bir borcun olmadığını bildiriblər.
Dövlət orqanlarının, xüsusilə gömrük və vergi xidmətlərinin təzyiqlərinə etiraz olaraq AFA radikal addım atıb. Qurumun qərarı ilə martın 5-dən 8-nə qədər keçirilməsi planlaşdırılan bütün səviyyədə matçlar təxirə salınıb.
Futbol rəhbərliyi ilə dövlət qurumları arasındakı bu açıq qarşıdurma ölkədə idman həyatını tamamilə dayandırıb. Azarkeşlər və klublar yaranmış vəziyyətdən narahatlıqlarını ifadə edərək problemin tezliklə həllini tapmasını gözləyirlər.
