Meksika alov içində: DÇ-2026-nın açılışına aylar qalmış təhlükəsizlik xaosu - İDMAN.BİZ-in İCMALI

24 Fevral 2026 17:45
121
Meksika alov içində: DÇ-2026-nın açılışına aylar qalmış təhlükəsizlik xaosu - İDMAN.BİZ-in İCMALI

Dünya çempionatının startına cəmi dörd ay qalmış Şimali Amerika qitəsi ciddi təhlükəsizlik böhranı ilə üz-üzədir. Turnirin əsas ev sahiblərindən olan Meksikada narkotik kartelləri ilə federal qüvvələr arasındakı mübarizənin açıq müharibə müstəvisinə keçməsi FIFA-nın Sürixdəki qərargahında həyəcan təbili çaldırıb.

Meksika: Qvadalaxara döyüş meydanına çevrilib

Xüsusilə Qvadalaxara şəhəri hazırda gərginliyin mərkəzidir. Meksika ordusunun həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “Xalisko Yeni Nəsil” kartelinin (CJNG) lideri “El Menço”nun öldürülməsi şəhəri xaosun ağuşuna atıb. “The Guardian” və “Associated Press”in məlumatına görə, kartel üzvləri buna cavab olaraq şəhərin küçələrini yandırıb, yolları kəsib və hava limanına hücumlar təşkil ediblər.

DÇ-2026-nın matçlarına ev sahibliyi edəcək “Estadio Akron” stadionunun ətrafı da narahatedici xəbərlərlə gündəmdədir. Belə ki, arenanın yaxınlığında yüzlərlə insana aid qalıqların tapılması beynəlxalq medianın diqqətini Meksikadakı cinayət statistikasının dəhşətli tərəflərinə yönəldib. FIFA-nın rəsmi sorğularına baxmayaraq, Qvadalaxaranın ev sahibliyi statusunu itirmə ehtimalı gündən-günə artır.

Kanada: İğtişaşlar dalğası Şimala sıçraya bilərmi?

Təhlükəsizlik riskləri təkcə Meksika ilə məhdudlaşmır. Qərb mediasında, xüsusilə ABŞ-də Donald Tramp administrasiyasının miqrasiya və tarif siyasətinə qarşı baş qaldıran etirazların Kanadaya da təsir edəcəyi barədə analitik proqnozlar yer alır. “International SOS” və digər təhlükəsizlik qurumları Kanadada turnir əleyhinə aksiyaların, həmçinin yerli qrupların siyasi məqsədlərlə iğtişaşlar törədə biləcəyi barədə xəbərdarlıq ediblər. Miqrasiya böhranı fonunda sərhəd nəzarətinin sərtləşdirilməsi Toronto və Vankuver kimi şəhərlərdə kütləvi narazılıqlara və nəqliyyat xaosuna yol aça bilər.

Bundan əlavə, Torontoda və Vankuverdə yerli fəallar hökumətin sosial rifah əvəzinə stadionlara və xarici təhlükəsizlik qüvvələrinə (məsələn, ABŞ-nin ICE agentləri) milyonlarla dollar xərcləməsinə etiraz edirlər. Kanada kəşfiyyatı (CSIS) xəbərdarlıq edir ki, turnirin miqyası radikal qruplar üçün “cəlbedici hədəf” ola bilər. Vankuver şəhər şurasında isə artıq ABŞ-nin miqrasiya agentlərinin şəhər daxilində təhlükəsizliyə nəzarət etməsinə qarşı sərt etirazlar baş qaldırıb.

FIFA-nın “B planı” varmı?

Donald Trampın Meksikadakı kartellərə qarşı hərbi müdaxilə ehtimalını dilə gətirməsi və bəzi ev sahibi şəhərlərin (məsələn, Nyu-York və Los-Anceles) təhlükəsizliyini şübhə altına alması onsuz da mürəkkəb olan vəziyyəti daha da qəlizləşdirib. ABŞ hökumətinin Meksika prezidenti Klaudia Şeinbauma təzyiqləri artırması idman bayramının siyasi qarşıdurma poliqonuna çevrilməsi riskini yaradır.

Hazırda FIFA-nın “United 2026” layihəsi (2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının ev sahibliyi üçün ABŞ, Kanada və Meksikanın birgə irəli sürdüyü və qalib gələn layihənin rəsmi adı) üçün qarşısında iki yol var: ya Meksikanın, xüsusən də Qvadalaxaranın oyunlarını ABŞ və ya Kanadanın daha təhlükəsiz bölgələrinə köçürmək, ya da görünməmiş təhlükəsizlik tədbirləri (50 mindən çox hərbçi və polisin cəlb olunması) altında turniri riskli zonalarda keçirmək.

Dörd milyard insanın izləyəcəyi bu qlobal hadisənin - Dünya Çempionatının qan və zorakılıq kölgəsində qalıb-qalmayacağı yaxın həftələrdə veriləcək radikal qərarlardan asılı olacaq.

İdman.Biz