“Qarabağ”ın bu gün Çempionlar Liqasında uğurlu nəticə qazanması çox çətin görünür. Çünki hesab arasında fərq böyükdür”.
Bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirəcəyi cavab oyunu ilə bağlı danışarkən deyib.
Norveç millisinin keçmiş yarımmüdafiəçisi Ağdam təmsilçisinin səfərdə böyükhesablı qələbə qazanmasının real görünmədiyini vurğulayıb: “Nyukaslda 6:0 və ya 6:1 hesabı ilə qalib gəlmək çox çətindir. Bunun mümkünsüz olduğunu demirəm, futbolda hər şey baş verə bilər. Amma növbəti mərhələyə yüksəlmək çox çətin görünür. Əgər real şans olsaydı, bu, ilk oyunda, yəni Bakıda daha mümkün görünərdi”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.
O, “Qarabağ”ı yaxından izlədiyini bildirib:
“Xüsusilə Çempionlar Liqasında və ümumilikdə Avropa yarışlarında çıxış edəndə oyunları izləmək daha asan olur”.
Tarik Elyunussi “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasında uğurlu çıxış etdiyini vurğulayıb:
“Komanda bir çoxlarını təəccübləndirməyi bacardı. Müxtəlif insanlardan mesajlar aldım. Onlar mənim vaxtilə “Qarabağ”da oynadığımı bildikləri üçün komanda ilə maraqlanırlar. Əvvəllər “Qarabağ”ı tanımayanlar artıq bu klub haqqında məlumatlıdırlar. Düşünürəm ki, komanda Çempionlar Liqasındakı çıxışına görə dünyada böyük hörmət qazanıb”.
Veteran futbolçu Azərbaycandakı karyerası ilə bağlı da fikirlərini bölüşüb:
“Azərbaycanı çox sevirəm. Təəssüf ki, orada uzun müddət qala bilmədim, cəmi altı ay çıxış etdim. Zədəli vəziyyətdə gəlmişdim və tam hazır formaya düşməyim vaxt apardı. Bu səbəbdən özümü istədiyim səviyyədə göstərə bilmədim. Bu, mənim üçün çətin idi”.
O, Bakıda keçirdiyi dövrü xoş xatirələrlə xatırladığını əlavə edib:
“Klubda rəhbərlik, məşqçilər heyəti, futbolçular, bir sözlə, hamı mənə çox yaxşı münasibət göstərdi. Bakı möhtəşəm şəhərdir. Kaş ki, daha uzun müddət qala və ölkənin digər bölgələrini də görə biləydim. Coğrafiya, tarix və mədəniyyətə böyük marağım var. Hələ də Azərbaycanda bəzi insanlarla əlaqəm qalır. Gələcəkdə yenidən Bakıya səfər etməyi planlaşdırıram”.
Qeyd edək ki, bu gün “Sent Ceyms Park” stadionunda təşkil olunacaq “Nyukasl” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.
