“Benfika” klubunun prezidenti Rui Koşta UEFA tərəfindən müvəqqəti cəzalandırılan gənc vinger Canluka Prestianni ətrafında yaranan irqçilik iddialarına münasibət bildirib. Klub rəhbəri futbolçusunun xarakterinə tam bələd olduğunu və ona güvəndiyini vurğulayıb.
İdman.Biz xəbər verir ki, Rui Koşta argentinalı oyunçunun ünvanına səslənən ittihamları rədd edib.
O, verdiyi açıqlamada deyib:
“Prestianniyə irqçi deyirlər, lakin o, hər şey ola bilər, bircə irqçidən başqa. Buna zəmanət verə bilərəm”.
Prezident meydanda baş verənlərlə bağlı qəti danışmağın çətin olduğunu etiraf etsə də, klubdaxili etimadın sarsılmaz olduğunu qeyd edib:
“Orada nəyin deyilib-deyilmədiyini dəqiq bilə bilmərəm. Lakin biz Prestianninin sözünə inanırıq. Bundan da önəmlisi odur ki, biz evimizdə olan oyunçuların kimliyini və xarakterini yaxşı tanıyırıq”.
Xatırladaq ki, Canluka Prestianni Vinisius Junioru təhqir etməkdə ittiham olunduğu üçün “Real”la cavab oyununu buraxmaq məcburiyyətində qalıb. UEFA hazırda məsələ ilə bağlı araşdırmaları davam etdirir.
