Qış transfer dövründə mərkəz hücumçusu transferini reallaşdıra bilməyən “Fənərbağça” yayda azarkeşlərini sevindirəcək böyük gedişat etməyə hazırlaşır. Klub “Atletiko”nun ulduzu Aleksander Sörlotu heyətinə qatmaq üçün bütün maliyyə imkanlarını səfərbər edib.
İdman.Biz xəbər verir ki, Sörlot Sadettin Saranın komanda üçün əsas hədəfi hesab olunur. İstanbul təmsilçisi 30 yaşlı hücumçu üçün 20 milyon avro (40 milyon AZN) transfer haqqı ödəməyə hazırdır.
Məlumata görə, “Fənərbağça” norveçli futbolçuya illik bonuslarla birlikdə 10 milyon avro (20 milyon AZN) maaş təklif etməyi planlaşdırır. Qışda oyunçusunu buraxmaq istəməyən “Atletiko”nun da mövsüm sonunda bu keçidə yaşıl işıq yandıracağı gözlənilir.
Aleksander Sörlot cari mövsümdə Madrid klubunun forması ilə çıxdığı 35 matçda 12 qol və bir asistlə yadda qalıb.
