Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə əməkdaşlığı daha da gücləndirmək niyyətindədir. Rəhbərlik təcrübəli mütəxəssisə onu dünyanın ən yüksək ödənişli milli komanda məşqçisi edəcək yeni dördillik müqavilə təklif etməyi planlaşdırır.
İdman.Biz “AS” nəşrinə istinadla xəbər verir ki, yeni sözləşməyə əsasən, Ançelottinin illik maaşı təxminən 40 milyon avro (80 milyon AZN) təşkil edəcək.
Hazırkı müqavilədə Braziliya millisi 2026-cı il dünya çempionatının qalibi olacağı təqdirdə italiyalı məşqçi üçün 5 milyon avro (10 milyon AZN) məbləğində bonus da nəzərdə tutulub. 2025-ci ilin may ayından “Sambaçılar”a rəhbərlik edən mütəxəssis bu müddət ərzində çıxdığı səkkiz matçda dörd qələbə qazanıb, iki heç-heçə edib və iki məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, Karlo Ançelotti karyerası ərzində “Milan”, “Real”, “Yuventus”, PSJ, “Bavariya”, “Everton” və “Napoli” kimi nəhəng klubları çalışdırıb.
