Gəncənin deputatı Müşfiq Cəfərov sosial şəbəkə hesabında “Kəpəz” futbol klubunun hazırkı vəziyyəti ilə bağlı paylaşım edib.
İdman.Biz xəbər verir ki, deputat paylaşımında “Kəpəz”in inkişafı üçün Gəncədə dövlətimiz və dövlət başçımız tərəfindən həyata keçirilən bütün infrastruktur layihələrinin demək olar ki, yekunlaşdığını bildirib.
O vurğulayıb ki, yalnız əsas stadionun ot örtüyü qalıb, o da yaxın zamanlarda tamamlanacaq və komanda öz oyunlarını doğma şəhərində keçirəcək.
“Bir il öncə klubun idarə heyəti olaraq sponsor axtarışında idik. Bir təklif gəldi Adil Vəliyev adlı şəxsdən, düzü, tanıdığım birisi deyildi, dedilər Adnan Əhmədzadənin (o zaman dövlətə qarşı iqtisadi xəyanətdə ittiham edilərək DTX tərəfindən həbs olunmamışdı) işlərini aparır. Adil Vəliyevlə “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri bir neçə dəfə görüş keçirdi. Bizim istəyimiz o idi ki, nə olursa olsun, bir tək “Kəpəz” irəli getsin.
Biz "hə" dedik! Klubun rəhbərliyi dəyişdirildi, kölgəyə çəkilən Adil Vəliyev sanki əvvəlcədən hadisələri planlayırmış kimi, nüfuzlu iş adamı Namiq Qədirovu irəli verib onun sədr olmasını istədi. Amma Qədirovun “Kəpəz”də qalması çox çəkmədi. Onun ən yaxın adamları, qohumu Erkin İbrahimov və dostu Fərman Əlizadə Namiq Qədirovu plan qurub klubdan uzaqlaşdırdılar. Kluba ən çətin günlərində dəstək olmuş, heç vaxt “Kəpəz”i yarıyolda buraxmayan insanların da komandadan çıxarılması prosesinə start verildi.
Adil Vəliyev özü sədr olub klubu tək idarə etməyə başladı. Hazırda onun özü də “Kəpəz”dən çox-çox kənardadır, kluba diqqət, maliyyə ayırmır, özünün ən etibarlı silahdaşı, “Agrosport”un rəhbəri Fərman bəy ötən mövsümdə klubla əməkdaşlıqda 3 meydançanın xidmət ödənişini 12 min manata etdiyi halda, necə olur ki, indi 2 meydançanın xidməti 24 min manat olur?
Burdan belə nəticə formalaşır: Erkin İbrahimov - Fərman Əlizadə cütlüyü klubu bərbad şəkildə idarə etməklə büdcəni öz maraqlarına uyğun formada xərcləyiblər. Əgər buna da idarəçilik demək mümkündürsə. Nəticələr, hər gün klubda baş verən olaylar, kənardan idarə edilən bərbad, sahibsiz “Kəpəz” mətbuatın, ictimaiyyətin müzakirə mövzusudur…” - deyə paylaşımda qeyd edilib.
