“Sabah” Azərbaycan Premyer Liqasında tarixində ilk dəfə ardıcıl 10-cu qələbəsini qazanıb

23 Fevral 2026 12:03
62
“Sabah” Azərbaycan Premyer Liqasında tarixində ilk dəfə ardıcıl 10-cu qələbəsini qazanıb

“Sabah” Azərbaycan Premyer Liqasında ardıcıl 10-cu qələbəsini qazanıb.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Bakı klubu seriyasını yubiley həddinə 21-ci turda çatdırıb.

Paytaxt təmsilçisi evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. “Sabah” bunadək “İmişli”ni 3:0, “Neftçi”ni 2:0, “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Sumqayıt”ı 3:1, “Karvan-Yevlax”ı 4:1, “Zirə”ni 3:1, “Araz-Naxçıvan”ı 4:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.

Klub tarixində ilk dəfə belə seriyaya imza atan “Sabah” turnirin tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək 8 klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə 18-cidir.

“Neftçi” hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib gəlib. “Qarabağ”ın 4, “Şəmkir”in 2 belə seriyası var. “Bakı”, “Kəpəz”, “Turan”, “Xəzər” (Sumqayıt) və “Xəzər Lənkəran” isə “Sabah” kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədə çatdırıb.

Qeyd edək ki, “Sabah” növbəti turda “Qarabağ”la qarşılaşacaq.

İdman.Biz