“Barselona” klubunun hücumameyilli yarımmüdafiəçisi Fermin Lopesin karyerasının əvvəlində yaşadığı çətinliklər və əsas komandaya gedən yolu diqqət çəkir.
İdman.Biz xəbər verir ki, ispan futbolçu karyerasının ilkin mərhələsində “Barselona”nın əsas heyətinə düşə bilməyəcəyini düşündüyünü və icarə əsasında “Linares”də çıxış etdiyi dövrün onun üçün dönüş nöqtəsi olduğunu bildirib.
“Düşünürdüm ki, “Barselona”nın qapısı mənim üçün bağlanıb, oradakı vaxtım bitib. “Linares”də özümü yaxşı tərəfdən göstərə bildim, həm futbolçu, həm də insan kimi xeyli yetkinləşdim. “Barselona”ya qayıdanda isə böyük həvəslə qayıtdım, mövsümöncəsi hazırlığı maksimum dəyərləndirdim və birinci komandada qala bildim.
“Linares”dən qayıdanda düşünürdüm ki, heç vaxt “Barselona”da oynamayacağam, amma futbola tam həsr oluna biləcəyimi düşünürdüm. La Masiyanı, rahatlıq zonamı tərk etmək bacarıqlarımı xeyli artırdı və məni yetkinləşdirdi. Açığı, “Linares” mərhələsi olmasaydı, bu gün çatdığım nöqtəyə gələ bilməzdim”, - deyə Fermin Lopes vurğulayıb.
Qeyd edək ki, futbolçu cari mövsümdə bütün turnirlərdə 20 oyunda iştirak edib, səkkiz qol vurub və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.
