“Lixtenşteynlə oyunda komandamız 90 dəqiqə ərzində hücum etdi və qalib gəlmək üçün qol imkanlarımız da oldu. Sadəcə, həmin fürsətlərdən yararlanmaq başqa məsələdir. Bunun əsas səbəblərindən biri oyun təcrübəsinin az olmasıdır. Ümumilikdə isə oyuna nəzarət edən və topa daha çox sahib olan tərəf millimiz idi. Belə dərin müdafiə olunan komandalara qarşı kreativ oyunçuların olması yaxşı olardı”.
Bu sözləri azərbaycanlı məşqçi Adil Şükürov millimizin Lixtenşteynə qarşı çıxışı barədə danışarkən deyib.
“Məncə, komanda son ötürmələr və bitiricilik baxımından özünü inkişaf etdirsə, nəticələr də olacaq. Bu isə futbolçuların oyun təcrübəsi ilə bağlı məsələdir”, - deyə o idmanxeber.az-a açıqlamasında vurğulayıb.
Şükürov uğursuz nəticədən sonra Ayxan Abbasovun təndiq edilməsindən danışıb:
“Millidə yerli baş məşqçi komandanı daha yaxşı motivasiya edərək oyunlara hazırlaya bilir. Nəticənin olmamasına gəldikdə isə qarşıda iki oyun var və hər şey bizim xeyrimizə dəyişə bilər. Buna görə də nəticə ilə bağlı indidən nəsə demək çox tezdir”.
Təcrübəli mütəxəssis 2 gün sonra keçiriləcək Litva oyunundan da söz açıb:
“Səfərdə Litva ilə görüşdə komanda daha sürətli və dəqiq idi. Bəzi epizodlarda hətta rəqibdən üstün oynamağa çalışırdı. Litva ilə oyundan sonra hər kəsdə Lixtenşteynə qalib gələcəyimizə inam yaranmışdı. Həmin qarşılaşma göstərdi ki, milli komanda Litvanı məğlub edə bilər.
Litva millisinə qalib gəlmək üçün, əvvəl də qeyd etdiyim kimi, dəqiqlik və bitiricilik vacibdir. Eyni zamanda, rəqibin sürətli hücumlarının qarşısını almaq üçün müdafiədə maksimum diqqətli olmalıyıq”.
