Niderlandın “Ayaks” komandasının sabiq futbolçusu Marvin Zeqelaar keçmiş klubunun bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”a qarşı keçirəcəyi oyunla bağlı danışıb.
35 yaşlı niderlandlı veteran müdafiəçi görüşlə bağlı fikirlərini bölüşüb.
O, matçın gərgin və maraqlı keçəcəyini söyləyib.
“Bu qarşılaşmada “Ayaks”a azarkeşlik edəcəyəm. Amsterdam təmsilçisinin qalib gələcəyini düşünürəm. Onlar son görüşlərdə inkişaf ediblər. Bunu aldıqları nəticələrə görə deyə bilərəm. Düzünü desəm, “Qarabağ”ın oyunlarını izləməmişəm. Eşitdiyimə görə, yaxşı komandadır. Onlar hər il Avropada uğurla çıxış edirlər”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Marvin Zeqelaar “Ayaks”la yanaşı, Portuqaliyanın “Sportinq” (Lissabon), İngiltərənin “Uatford” və İtaliyanın “Udineze” komandalarında da çıxış edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” - “Ayaks” qarşılaşması saat 21:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.
Turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci pillədə qərarlaşıb. Xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.
