Niyə “Aston Villa” Avropa Liqasını qazansa belə, Çempionlar Liqasındakı yerini itirə bilər? - İDMAN.BİZ-in İCMALI

20 May 2026 18:11
165
Niyə “Aston Villa” Avropa Liqasını qazansa belə, Çempionlar Liqasındakı yerini itirə bilər? - İDMAN.BİZ-in İCMALI

Bu gün İstanbulda keçiriləcək futbol üzrə Avropa Liqasının finalı təkcə “Aston Villa” və “Frayburq”un taleyinə deyil, həm də növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqələrin bölgüsünə təsir göstərə bilər.

İdman.Biz xəbər verir ki, UEFA-nın reqlamentinə əsasən, Avropa Liqasının qalibi birbaşa Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanır. Lakin “Aston Villa” ilə bağlı vəziyyət daha mürəkkəbdir. Belə ki, İngiltərə klubu artıq Premyer Liqa vasitəsilə əsas avrokuboka düşmək zonasındadır.

Hazırda “Aston Villa” Premyer Liqada 62 xalla dördüncü pillədə qərarlaşıb. Ondan sonra 59 xala malik “Liverpul” gəlir. Mersisayd təmsilçisinin top fərqi daha yaxşı olduğundan, son turda Unai Emerinin komandasını qabaqlamaq şansı qalır.

Məhz “Aston Villa”nın yekun mövqeyi İngiltərənin əlavə beşinci vəsiqəsinin kimə çatacağını müəyyən edəcək. Burada əsas məqam ondan ibarətdir ki, Avropa Liqasının qalibinə verilən yer və İngiltərənin avrokuboklardakı uğurlu çıxışına görə qazandığı əlavə kvota fərqli mexanizmlərlə bölüşdürülür.

Əgər “Aston Villa” Avropa Liqasını qazansa və Premyer Liqanı dördüncü sırada başa vursa, klub artıq çempionat vasitəsilə Çempionlar Liqasının iştirakçısı sayılacaq. Bu halda Avropa Liqasının qalibi üçün nəzərdə tutulan yer boş qalacaq və Premyer Liqanın altıncı komandasına yox, Çempionlar Liqasının seçmə mərhələsi iştirakçıları arasında ən yüksək əmsala malik kluba veriləcək. Hazırda bu klub Lissabon “Sportinq”idir.

Bununla yanaşı, Premyer Liqanın beşinci komandası da Çempionlar Liqasına vəsiqə əldə edəcək. Bu yer İngiltərənin avrokuboklarda ümumi çıxışına görə qazandığı European Performance Spot - əlavə kvota hesabına verilir. Yəni “Aston Villa” mövsümü dördüncü pillədə başa vursa, İngiltərə Çempionlar Liqasında beş klubla təmsil olunacaq.

Tam fərqli vəziyyət isə “Aston Villa” Avropa Liqasını qazandığı halda son turdan sonra beşinci yerə düşərsə yaranacaq. Bu halda birmingemlilər Çempionlar Liqasına Avropa Liqasının qalibi kimi yüksələcək, İngiltərənin mövsümlük reytinqə görə qazandığı əlavə kvota isə “yanmayacaq” və Premyer Liqanın növbəti komandasına keçəcək. Məhz buna görə də belə ssenaridə İngiltərə çempionatında altıncı yer də Çempionlar Liqasına vəsiqə verəcək.

Hazırda bu mövqeyin əsas namizədi “Bornmut”dur. Lakin nəzəri baxımdan “Brayton”un da şansları qalır. Bu səbəbdən Avropa Liqasının finalı həmin klublar üçün də xüsusi əhəmiyyət daşıyır. Müəyyən nəticələr fonunda “Aston Villa”nın qələbəsi onlardan birinə Çempionlar Liqasının yolunu aça bilər.

Əgər finalda “Frayburq” qalib gəlsə, vəziyyət daha sadə olacaq. Almaniya klubu Avropa Liqasının qalibi kimi birbaşa Çempionlar Liqasına yüksələcək, İngiltərə çempionatının altıncı pilləsi isə əsas avrokuboka vəsiqə verməyəcək.

Beləliklə, Avropa Liqasının finalı təkcə İstanbulda kubok uğrunda mübarizə deyil. Bir matçın arxasında Çempionlar Liqasına vəsiqələrlə bağlı daha mürəkkəb intriqa da gizlənir. Və İngiltərə klubları üçün əlavə yerin taleyi yalnız “Aston Villa”nın qələbəsindən deyil, həm də Unai Emerinin komandasının Premyer Liqanı hansı pillədə başa vuracağından asılıdır.

İdman.Biz