İsveçrənin futbol millisi 2026-cı il Dünya Çempionatı üçün yekun heyətini açıqlayıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi Murat Yakin mundiala aparacağı 26 futbolçunu müəyyənləşdirib. Heyətdə təcrübəli oyunçuların üstünlük təşkil etməsi diqqət çəkib. Siyahıda 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatında iştirak edən 17 futbolçu yer alıb.
Komandanın əsas liderlərindən Qranit Caka və Rikardo Rodriges üçün bu, ardıcıl dördüncü Dünya Çempionatı olacaq. Caka İsveçrə millisinin ən çox oyun keçirən futbolçusudur.
Murat Yakin seçimindən razı qaldığını bildirib. O, heyətə ən yaxşı futbolçuları daxil etdiyini və turnirin başlanmasını səbirsizliklə gözlədiyini deyib. Zeki Amduninin uzunmüddətli zədədən sonra heyətə qayıtması da diqqət çəkib.
İsveçrə millisi Dünya Çempionatına hazırlıq çərçivəsində 31 mayda İordaniya, 6 iyunda isə Avstraliya ilə yoxlama oyunu keçirəcək. Komanda mundialda ilk matçına 13 iyunda Qətərə qarşı çıxacaq. Daha sonra İsveçrə Bosniya və Herseqovina, həmçinin turnirin ev sahiblərindən Kanada ilə qarşılaşacaq.

Heyət belədir:
Qapıçılar: Marvin Keller, Qreqor Kobel, İvon Mvoqo.
Müdafiəçilər: Manuel Akanji, Aurel Amenda, Eray Cömert, Niko Elvedi, Luka Jakuez, Miro Muhaym, Rikardo Rodriges, Silvan Vidmer.
Yarımmüdafiəçilər və hücumçular: Mişel Ebişer, Zeki Amduni, Breel Embolo, Kristian Fassnaxt, Remo Froyler, Sedrik İtten, Ardon Jaşari, Johan Manzambi, Dan Ndoye, Noa Okafor, Fabian Rider, Cibril Sov, Ruben Varqas, Qranit Caka, Denis Zakariya.
