Fransa millisinin sabiq ulduz hücumçusu Tyerri Anri “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah ətrafında yaranmış böhranlı vəziyyətə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, T.Anrinin fikirlərini ABŞ-nin CBS Sports telekanalı yayımlayıb.
Anri bildirib ki, futbolçu hansı vəziyyətlə üzləşməsindən asılı olmayaraq, klubun nüfuzunu qorumalıdır.
“Vengerlə də, Qvardiola ilə də problemlərim olub. Amma heç vaxt bunu ictimaiyyətə çıxarmamışam - heç vaxt! Mən klubu qoruyurdum” – deyə sabiq futbolçu vurğulayıb.
Onun sözlərinə görə, komanda daxilində fikir ayrılığı, narazılıq və ya gərginlik yaşansa belə, futbolçu bunu açıqlamamalıdır:
“Klub üçün oynayanda onu hər şəkildə müdafiə etməlisən. İçəridə nə baş verməsindən asılı olmayaraq, komandanı, baş məşqçini, heyəti qorumalısan. Əsəbiləşə, narazı qala, razılaşmaya bilərsən, amma çirkli paltarı çöldə yumaq olmaz, xüsusilə də klub çətin dövr yaşayırsa”.
T. Anri vurğulayıb ki, narazılıq varsa, əvvəlcə məsələ komanda daxilində həll olunmalı, sonra isə lazım gələrsə, futbolçu mövqeyini açıqlaya bilər:
“Gözləyirsən, içəridə həll edirsən və əgər getmək və ya fikir bildirmək istəyirsənsə, bunu doğru zamanda edirsən”.
Salahın vəziyyətinə də toxunan Anri onun hisslərini anladığını deyib:
“Məhəmməd Salahı başa düşürəm… 38 qol vurub və sonra ehtiyatda qalır. Amma bir məqam gəlir ki, özündən çox komandayı düşünməlisən”.
Məlumat üçün əlavə edək ki, artıq bir müddətdir Məhəmməd Salahla “Liverpul”un baş məşqçisi arasında gərginlik yaşanır. M. Salah ardıcıl üç görüşdə start heyətinə düşməyib. Daha sonra isə onun adı, Çempionlar Liqasının “İnter”lə oyununa daxil edilməyib.
