“Düşünürəm ki, “Zirə” ilə yaxşı oyun oynadıq. Xüsusən də ilk hissədə. Təəssüf ki, ikinci yarıda səhvlərimizdən qollar buraxdıq”.
Bu sözləri “Kəpəz”in futbolçusu Məqsəd İsayev Misli Premyer Liqasının XIII turunda “Zirə”yə məğlub olduqları oyunu şərh edərkən deyib.
Təcrübəli futbolçu baş məşqçi Azər Bağırovun yenidən klubun baş məşqçi postuna qayıdışından sonra komandaya yeni nəfəs gəldiyini bildirib:
“Azər Bağırovdan gəlişindən sonra komandaya yeni nəfəs gəlib. Futbolçular Azər müəllimlə işlədikləri üçün özlərini daha rahat hiss edirlər. Düşünürəm ki, “Kəpəz” təkcə liqada qalmaq üçün yox, daha yuxarı pillələr uğrunda da oynaya bilər. Qış fasiləsindən sonra daha yaxşı olacağımıza inanıram”.
Müdafiəçi Bizon Azərbaycan Kubokunun 1/8 finalında qarşılaşacaqları “Araz-Naxçıvan”la oyundan gözləntilərini bölüşüb:
“Araz-Naxçıvan”la kubok matçı biroyunluqdur, ona görə hər şey ola bilər. Bizim üçün fərqi yoxdur — çempionat olsun, ya kubok, hər iki qarşılaşmada ən yaxşı nəticəni qazanmağa çalışacağıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Kəpəz” matçı dekabrın 4-də keçiriləcək. “Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşmanın start fiti 19:00-da səslənəcək.
