AFFA ölkə xaricində azərbaycanəsilli futbolçu axtarışlarını sürətləndirib.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, milli assosiasiya, xüsusən də, Ukrayna və Rusiyada yaşayan azərbaycanəsilli futbolçulara maraq göstərir.
Qurumun futbolumuza qazandırmağa çalışdırdığı futbolçulardan ibarət siyahısı gün keçdikcə genişlənir. Lakin Ukrayna və Rusiyada anadan olan azərbaycanəsilli futbolçuların razılığını almaq heç də asan başa gəlmir.
Moskva “Dinamo”sunun hücumçusu Ülvi Babayevdən hələ də ümidini üzməyən AFFA-nın gündəmindəki oyunçulardan biri də Ukraynanın “Rux” klubunda çıxış edən Rolan Mustafayevdir.
AFFA hələ ötən ilin əvvəlində Emil Mustafayevi milliləşdirəndə onun kiçik qardaşı olan Rolana da maraq göstərib. Lakin həmin vaxt hücumçunun hələ 16 yaşı tamam deyildi və bu işə ciddi yanaşılmamışdı. Hələ o dönəmdən Rolanın çıxışını diqqətlə izləyən milli assosiasiya futbolçunun performansında ciddi irəliləyiş görüb. Bu səbəbdən 17 yaşlı oyunçunun özü və ailəsi ilə danışıqlara yenidən başlanılıb.
AFFA bu məsələdə “Polissya”nın yarımmüdafiəçisi Emil Mustafayevdən də dəstək gözləyir. Çünki Rolanın Ukraynanın U-19 yığmasına çağırılması variantı yaranıb. Ön xətt oyunçunun yaxınları onun Azərbaycan millisini seçməsinin tərəfdarıdır. Lakin futbolçu özü vətəndaşlığını dəyişib-dəyişməyəcəyi barədə qərarını qətiləşdirməyib.
Qeyd edək ki, “Rux”un yetirməsi olan Rolan Mustafayev Ukraynanın U-16 və U-17 yığmalarında çıxış edib.
