ABŞ-nin “İnter Mayami” futbol klubu Neymarın Lionel Messi və Luis Suareslə bir araya gəlməsi ehtimalını qəti şəkildə istisna edib.
İdman.Biz xəbər verir ki, son həftələrdə həm “İnter Mayami”nin françayz siyasəti, həm də Serxio Busketslə Jordi Albanın karyeralarını bitirməsindən sonra klubun Neymarın ardınca düşə biləcəyi barədə ciddi söz-söhbətlər var idi. Lakin Florida təmsilçisi yanvar ayında braziliyalının transferinə mənfi cavab verib.
Klub rəhbərliyi idman prinsiplərini ön plana çəkərək, 2026-cı il üçün prioritet mövqelərin - müdafiənin gücləndirilməsi və istinad nöqtəsi olacaq hücumçu (“9 nömrə”) transferinin daha vacib olduğunu bildirib.
Bu qərarla “İnter Mayami”nin baş məşqçisi Xavier Maskerano da Neymarla işləmək şansını itirmiş oldu.
Neymar isə artıq “İnter Mayami”nin mövqeyindən xəbərdardır. O, dekabr ayında Braziliyanın “Santos” klubu ilə müqaviləsinin başa çatmasını gözləyir. Uzun və ağır zədələrinə baxmayaraq, əsas hədəfi yenidən formaya düşüb Karlo Ançelottinin onu Braziliya millisinə və karyerasının son DÇ turnirinə çağırmasıdır.
Əgər “Santos” son iki turda liqada qalmağı rəsmiləşdirsə, klub Neymarla olan müqaviləni 2026 Dünya Çempionatına qədər - təxminən 1.5 il müddətinə uzatmağa hazırdır.
DÇ-2026-dan sonra isə, 34 yaşında braziliyalı ulduzun MLS-ə keçidi artıq real görünür. Neymarın Amerika futboluna xüsusi marağı var və o, dəfələrlə böyük ilham mənbəyi saydığı Pelenin izindən gedərək, onun kimi karyerasının sonunu ABŞ-də keçirməyi arzuladığını gizlətməyib.
