Azərbaycanlı futbolçu: “Komanda yoldaşım köynəyi anamın ildönümü münasibətilə hazırlatdırmışdı”

Xəbərlər
3 Dekabr 2025 16:07
33
Azərbaycanlı futbolçu: “Komanda yoldaşım köynəyi anamın ildönümü münasibətilə hazırlatdırmışdı”

Azərbaycan millisinin üzvü Sevinc Cəfərzadənin “FIFA Tri Nations Women”s Football Series 2025” turnirində Banqladeşlə oyunda vurduğu qoldan sonra nümayiş etdirdiyi könəyi komanda yoldaşı hazırlatdırıb.

Bunu “Report”a açıqlamasında hücumçu özü bildirib.

O, bütün uğurlarını anasına həsr etdiyini söyləyib:

“Çox mehriban və diqqətcil komanda yoldaşlarım var. Bir dəfə Manə Mollyeva və Kristina Bakarandze ilə söhbət zamanı anamın ildönümünün yaxınlaşdığını və üzərində “Analar heç vaxt ölmür, sən həmişə qəlbimdəsən!” sözləri yazılan köynək hazırlatdırmaq istədiyimi dedim. Kristina xəbərim olmadan arzumu gerçəkləşdirdi. Bundan yalnız toplanış vaxtı xəbər tutdum. O, mənə “qol vur və bu köynəyi aç” dedi. Allah qismət etdi, qol vurdum və anama həsr etdim. Ümumiyyətlə, bütün uğurlarımı anama həsr edirəm. Vəfatından sonra ruhunu şad etməyə çalışıram. Həyatda ikən özü, vəfatından sonra ruhu daim motiovasiya mənbəyimdir. Qoldan sonra emosiyalarımı cilovlamaq istəsəm də, alınmadı və göz yaşlarımı saxlaya bilmədim. Nə qədər ağır olsa da, toparlanıb oyuna davam etdim”.

Futbolçu turnirlə bağlı təəssüratlarını da bölüşüb:

“İlk dəfə idi FIFA bayrağı altında təşkil edilən turnirə dəvət aldıq. Bu bizim üçün həm böyük təcrübə, həm də çox maraqlı idi. Hədəfimiz turnirin qalibi olmaq idi və istəyimizə çatdıq. Dörd gün ərzində iki oyun keçirdik və sonda futbol ictimaiyyətimizi, azarkeşlərimizi sevindirə bildik. Turnir çox yaxşı təşkil olunmuşdu. Ümumiyyətlə, qadın futboluna maraq da fərqli idi. Tribunalarda minlərlə azarkeş görmək olardı. Həmçinin medianın diqqəti böyük idi. Bu hal məni çox sevindirdi. Futbolun bəzəyi azarkeşlərdir. Çox istərdim ki, DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində martın 3-də Bakıda qarşılşacağımız Şimali Makedoniya ilə matçda azarkeşlərimiz yanımızda olsunlar, bizi dəstəkləsinlər”.

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi Banqladeşdə keçirilmiş “FIFA Tri Nations Women”s Football Series 2025” turnirinin qalibi adını qazanıb. Komanda Mlayziyanı 2:0, meydan sahiblərini 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz