İngiltərənin Premyer Liqa təmsilçisi “Liverpul”da baş məşqçi dəyişikliyi ehtimalı yenidən aktuallaşıb.
İdman.Biz xəbər verir ki, “The Sun” nəşrinin məlumatına görə, klub rəhbərliyi Arne Slotun mümkün istefası halında Yurgen Kloppa mövsümü başa çatdırmaq üçün müraciət etməyi nəzərdən keçirir.
Xəbərdə bildirilir ki, rəhbərlik vəziyyətin daha da pisləşəcəyi təqdirdə alman mütəxəssisin adını real alternativ kimi qiymətləndirir.
Klopp “Liverpul”u 2015–2024-cü illər aralığında doqquz il ərzində çalışdırıb və bu müddətdə komanda ilə Çempionlar Liqasının, Premyer Liqanın və bir çox digər titulların qalibi olub. Alman məşqçi ötən mövsüm vəzifəsini tərk etdikdən sonra komandanın sükanı Arne Slota tapşırılıb. Slotun rəhbərliyi altında “Liverpul” Premyer Liqanın son mövsümündə çempion olmuşdu.
Lakin cari mövsüm “Liverpul” üçün uğursuz keçir. Premyer Liqada 12 turdan sonra komanda cəmi 18 xal toplayaraq turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Mənbə yazır ki, məhz bu səbəbdən rəhbərlik ehtiyat planı aktivləşdirə bilər və Kloppa müraciət etmək real seçim kimi masadadır.
Xatırladaq ki, Kloppa yaxın ətrafından gələn məlumatlara görə, o, hazırda fasilə götürüb və tezliklə məşqçiliyə qayıdacağı gözlənilmir. Bununla belə, “Liverpul”un çətin vəziyyəti onun adının yenidən gündəmə gəlməsinə səbəb olub.
