"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanov maraqlı açıqlamaları ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, futbolinfo.az-a müsahibəsində o, Qurban Qurbanovun oğlu, həm də adaşı olan futbolçu Musa Qurbanlı barədə də danışıb.
Aralarındakı isti münasibətə görə, Qurbanın oğluna onun adını verdiyini bildirən Musa Qurbanov qardaşı oğlunun karyersı barədə sualı belə cavablandırıb:
“Hələ ki, yolun başlanğıcındadır. Bilirsiniz, bir var fitri istedad, bir də var mənim kimi, Qurban kimi əməksevərliklə bu səviyyəyə ucalmaq. Elə Musada da uşaqlıqdan böyük istedad olmayıb. Amma o qədər futbola həvəsi olub ki. Musa bəlkə də günün yarısını məşqdə keçirib. Elə indi də belədir. Güc və sürət cəhətdən elə uşaqlıqdan onda çatışmazlıqlar olub. Amma oyun zəkası və futbol biliyi yaxşıdır. Mən inanıram ki, onun karyerasının parlaq dövrləri hələ qabaqdadır”.
Əvvəllər “Yurqorden”ə transfer edən Musa Qurbanlının İsveç karyerasının niyə alınmamasını da əmisi belə şərh edib:
“Ora bir az fərqli yerdir. Həm mentalitet olaraq, həm də ki, buradakı şərait orada yox idi…“Yurqorden”in bazası yox idi. Kənarda bir məşq yeri var idi, daha gedib orada qalmaq imkanları mövcud deyildi. Musa bunlara öyrəşməmişdi. Buradakı imkanları orada əldə edə bilmədi. Ona görə də çətinlik çəkdi. Həm də ki iqlim şəraiti öz sözünü dedi. Özü çox ünsiyyətcil uşaqdır, amma orada mühit elə deyildi. Klubun bazasının olmaması, istədiyi kimi məşq etməməsi, həmçinin zədələnməsi sözünü dedi. Bir az özünə qapanan uşaq olduğundan təklik ona pis təsir etdi. Bunlar hamısı üst-üstə yığılıb problemə çevrildi”.
Qeyd edək ki, Musa Qurbanov da əvvəllər peşəkar futbolçu olub. Hazırda “Qarabağ”ın baş məşqçisi olan qardaşı Qurban Qurbanovun futbola gəlişində böyük rol oynayıb.
“Mən oynamağa başlayanda Qurban gözümün qabağında idi. Perspektivini və futbola olan həvəsini gördükdən sonra onu özümlə apardım. Mən “Göyəzən”də oynayarkən futbol üfüqlərimizin geniş olduğunu görüb Qurbanı da israrla oynamağa gətirdim. Amma onun da “qabında bir şey var idi”. Fiziki gücü və topla rəftarına görə yaşıdlarından seçilirdi” – deyə Musa Qurbanov qardaşının böyük futbola gəlişində oynadığı rolu anladıb.
