“Qarabağ”ın futbolçuları ÇL-də müdafiə göstəricilərinə görə liderlər sırasındadırlar

Xəbərlər
27 Noyabr 2025 18:11
38
“Qarabağ”ın futbolçuları ÇL-də müdafiə göstəricilərinə görə liderlər sırasındadırlar

“Qarabağ” futbolçuları Çempionlar Liqasında bir sıra fərdi statistik göstəricilərdə ən yaxşılar arasında yer alırlar.

İdman.Biz-in məlumatına görə, müdafiəçi Bəhlul Mustafazadə ÇL-in əsas mərhələsində keçirdiyi beş matçda rəqib zərbələrini səkkiz dəfə bloklayıb. Bu göstərici üzrə o, yalnız Kiprin “Pafos” klubunun müdafiəçisi David Luizdən geri qalır. Sonuncunun aktivində 12 blok var.

Digər tərəfdən, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Pedro Bikalyo turnirdə topalma üzrə ilk üçlükdə yer alır. Braziliyalı futbolçu rəqiblərdən 11 dəfə top alıb. İlk beşlikdə olan digər “Qarabağ” üzvü Kadi Borjesdir - onun aktivində 10 topalma var. Siyahıya “Atletik” (Bilbao) müdafiəçisi Aytor Paredes liderlik edir (13).

Eyni zamanda, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ötürmələrin ümumi sayı baxımından ən aşağı sıralarda qərarlaşır. Ağdam klubu beş tur ərzində 1903 ötürmə edib, onlardan 1498-i dəqiq olub. Bu göstərici ilə komanda 36 iştirakçı arasında 31-ci pillədədir. Bundan başqa, komanda “açar” ötürmələr üzrə də zəiflərdəndir: 444 ötürmə ilə 34-cü yerdədir.

Beşinci turun ardından “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası növbəti matçını 10 dekabrda Bakıda Amsterdamın “Ayaks” klubuna qarşı keçirəcək.

Teymur Tuşiyev

İdman.Biz