Braziliyanın “Santos” futbol klubunda çıxış edən 33 yaşlı Neymarın iki gün sonra meydanda olmaq üçün diz zədəsinə baxmayaraq məşqlərə geri dönməsi ölkədə böyük müzakirələr yaradıb.
İdman.Biz xəbər verir ki, şəxsi həkimi futbolçuya menisk zədəsinə görə dərhal əməliyyat olunmağı tövsiyə etsə də, Neymar buna əməl etməyib.
Ulduz hücumçu çempionatın son üç turunda “Santos”un aşağı liqaya düşməməsi üçün mübarizə aparmağı prioritet sayır.
Braziliya A seriyasında vəziyyət son dərəcə gərgindir. “Santos” hazırda turnirin son mərhələsində düşmə zonasında qərarlaşıb və hər xal həlledici əhəmiyyət daşıyır. Neymarın qayıdışı riskli olsa da, klub daxilində ümidləri artırıb.
Yaxın çevrəsinin bildirdiyinə görə, Neymar eyni zamanda 2026-cı il dünya çempionatına qatılmaq arzusunu gizlətmir və turnirdə iştirak etmək üçün “hər şeydən imtina etməyə hazır olduğunu” bildirib.
Ulduz futbolçunun vəziyyəti ilə bağlı yekun qərarın növbəti günlərdə verilməsi gözlənilir.
