Sumqayıt şəhərinin 17-ci məhəlləsində yerləşən və hazırda bərbad vəziyyətdə olan stadion sosial şəbəkələrdə geniş müzakirə olunur.
İdman.Biz-in araşdırmasına görə, sözügedən stadionun Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olması və mövcud vəziyyətə görə məhz bu qurumun məsuliyyət daşıması ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur.
Sözügedən idarənin rəisi Təlman Kərimov saytımıza açıqlamasında bildirib ki, hazırda Sumqayıt şəhərində idarənin balansında cəmi iki idman obyekti mövcuddur:
“Sumqayıtda bizim balansımızda yalnız iki idman obyekti var – İdman Evi və “İnşaatçılar” stadionu. Daha bir stadion – Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu isə yaxın vaxtlarda idarəmizin balansına veriləcək. Sizin qeyd etdiyiniz stadionun isə qurumumuza heç bir aidiyyəti yoxdur. Daha çox Təhsil Nazirliyinin balansında olması ehtimal edilir, çünki həmin ərazi məktəblərin yaxınlığında yerləşir”.
Qeyd edək ki, sözügedən stadionun ətrafında həqiqətən də üç təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlar Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyi və 4 nömrəli, eləcə də 39 nömrəli orta məktəblərdir.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə də sorğu ünvanlamışıq.
Vüqar Vüqarlı
10:32
Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən stadion hazırda baxımsız və yararsız vəziyyətdədir.
İdman.Biz-in məlumatına görə, ərazinin uzun müddətdir nəzarətsiz qalması sakinlərin narazılığına səbəb olub.
Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı yerli sakinlər bildiriblər ki, bu ərazi illər əvvəl futbol stadionu kimi fəaliyyət göstərib və şəhərin idman həyatında mühüm rol oynayıb. Xüsusilə 1980-ci illərdə stadion məktəblilər və gənclər üçün əsas futbol meydançalarından biri olub.
Yerli sakinlərdən biri həmin dövrlə bağlı xatirəsini belə bölüşüb:
“Bəlkə də bu stadionda ilk dəfə top qovlayanlar mənim yaşıdlarım olub. Söhbət 1980-ci illərdən gedir. 4 nömrəli məktəbin açılan ilk birinci sinif şagirdlərindən biri olmuşam. Bu, təxminən 48 il əvvəl idi”.
Sakinlərin sözlərinə görə, vaxtilə uşaqların və yeniyetmələrin sevimli məkanı olan stadion bu gün tamamilə baxımsız vəziyyətə düşüb. Ərazidə nə idman infrastrukturu qorunub saxlanılıb, nə də təhlükəsizlik təmin olunur.
