Kozo Taşima FIFA prezidentliyinə namizədliyini irəli sürüb – İnfantinoya rəqib olacaq

9 Noyabr 2026 12:30
64
Kozo Taşima FIFA prezidentliyinə namizədliyini irəli sürüb – İnfantinoya rəqib olacaq

Yaponiya Futbol Assosiasiyasının (JFA) fəxri prezidenti Kozo Taşima gələn ilin martında keçiriləcək FIFA prezident seçkisində hazırkı qurum rəhbəri Canni İnfantinoya rəqib olacaq.

İdman.Biz "Reuters" agentliyinə istinadən xəbər verir ki, Taşimanın namizədliyini irəli sürmək qərarı Yaponiya futbolunda idarəçiliklə bağlı narazılıqların artdığı bir vaxtda gündəmə gəlib.

Bu addımdan əvvəl Yaponiyanın sabiq baş məşqçisi Takeşi Okada ötən ay JFA-nın vitse-prezidenti vəzifəsindən istefa verib. 1998 və 2010-cu il dünya çempionatlarında Yaponiya millisinə rəhbərlik etmiş Okada qərarını FIFA və dünya çempionatı ətrafında baş verən proseslərlə bağlı narahatlıqları ilə əsaslandırıb. Onun istefası Asiya Futbol Konfederasiyasının (AFC) İnfantinonun yenidən seçilməsinə dəstək verdiyini açıqlamasından sonra baş verib.

JFA-ya səkkiz il rəhbərlik etmiş, hazırda isə assosiasiyanın fəxri prezidenti olan 68 yaşlı Taşima seçki kampaniyasını şəxsi vəsaiti hesabına maliyyələşdirəcəyini bildirib. O, FIFA-nın hazırkı rəhbərinə qarşı çıxmaq niyyətini bir neçə ay əvvəl də ifadə edib.

Taşima avqust ayında “Nikkei Shimbun” nəşrinə açıqlamasında FIFA-nın “Forward Enterprise” planını tənqid edib. O, futbolun kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təşəbbüsünü həm qərarvermə prosesi, həm də mahiyyəti baxımından qəbuledilməz adlandırıb və planın qüsurlu olduğunu bildirib.

İnfantino isə bu təşəbbüsün ictimaiyyətə təqdim olunması zamanı kommunikasiya səhvlərinə yol verdiyini etiraf edib və FIFA-nın idarəçilik sisteminin müstəqil şəkildə nəzərdən keçirilməsinə açıq olduğunu bildirib.

Taşima İnfantinonu vəzifəsindən uzaqlaşdırmaq şansını təxminən 30 faiz qiymətləndirir. Bundan başqa, onun namizədliyinin rəsmiləşməsi üçün tələb olunan beş milli federasiyanın dəstəyini hələ əldə etmədiyi bildirilir.

“Bu, qalib gəlmək və ya məğlub olmaq məsələsi deyil. Məqsədimiz Yaponiya futbolunun formalaşdırdığı dürüstlük, sağlamlıq və prinsipiallıq dəyərlərini dünyaya göstərməkdir. İnanıram ki, hazırda FIFA-ya məhz bunlar lazımdır”, - deyə Taşima namizədliyini açıqlayarkən bildirib.

Qeyd edək ki, Taşima futbolçu karyerasına məktəb illərində başlayıb. O, 1976-cı ildə "Saitama Municipal Urawa Minami" liseyinin kapitanı kimi Yaponiyanın nüfuzlu məktəblərarası çempionatında qalib gəlib. Daha sonra Tsukuba Universitetində təhsil alıb və burada Yaponiya millisinin heyətində ilk oyununa çıxıb. Hücumçu mövqeyində çıxış edən futbolçu yığmada ümumilikdə yeddi matç keçirib.

Universiteti bitirdikdən sonra “Furukawa Electric” klubuna qoşulub. 1982-ci ildə, 25 yaşında futbolçu karyerasını başa vuraraq məşqçilik təhsili almaq üçün Almaniyanın Köln şəhərinə yollanıb.

Yaponiyaya qayıtdıqdan sonra futbolun texniki və inzibati sahələrində çalışıb. 2001-ci ildə U-17 dünya çempionatında Yaponiya yığmasının baş məşqçisi olub. 2002-ci ildə isə ölkənin dünya çempionatına ev sahibliyi etməsindən sonra JFA-nın texniki direktoru təyin edilib.

2006-cı ildə assosiasiyanın baş katibi, 2010-cu ildə vitse-prezidenti olan Taşima 2015-ci ildə FIFA Şurasına üzv seçilib. Bir il sonra JFA-nın prezidenti vəzifəsinə gətirilib və ardıcıl dörd dəfə ikiillik müddətə bu posta seçilib.

O, 2018-ci il dünya çempionatına iki ay qalmış Yaponiya millisinin baş məşqçisi Vahid Halilhodziçi vəzifəsindən azad edərək onun yerinə Akira Nişinonu təyin etməsi ilə də diqqət çəkib. Nişinonun rəhbərliyi altında Yaponiya millisi Rusiyada keçirilən mundialın 1/8 final mərhələsinə yüksəlib.

İndi isə Kozo Taşima FIFA rəhbərliyində dəyişiklik etmək və Canni İnfantinoya rəqib olmaq niyyətindədir.

“Fədakarlıq mənim əsas prinsipimdir. FIFA rəhbəri olmaq da məhz bunu tələb edir”, - deyə o, “Sports Nippon” nəşrinə müsahibəsində bildirib.

İdman.Biz