İdman balıqçılığı və onun çətinlikləri - İdman.Biz-in Çingiz Qənizadə ilə GENİŞ MÜSAHİBƏSİ - FOTO

Müsahibə
25 Noyabr 2025 12:48
108
İdman balıqçılığı və onun çətinlikləri - İdman.Biz-in Çingiz Qənizadə ilə GENİŞ MÜSAHİBƏSİ - FOTO

Balıqçılıq əksər insanların təsəvvüründə istirahət, hobbi və ya sadəcə balıq tutmaqla assosiasiya olunur, lakin çox az hallarda idman kimi qəbul edilir. Halbuki balıqçılıq öz qaydaları, növləri və yarışları olan tamhüquqlu idman sahəsidir.

Azərbaycanda idman balıqçılığını yalnız “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyi inkişaf etdirir. Onun rəhbərləri öz işinə bağlı olan sıravi balıqçılardır. Onlar digər ölkələrdə federasiyaların və ya böyük təşkilatların gördüyü işi özləri həyata keçirirlər: turnirlər təşkil edir, idmançıları beynəlxalq yarışlara göndərirlər.

Bu idman növünün xüsusiyyətləri və problemləri haqqında İdman.Biz klubun təsisçilərindən biri və ölkənin ən titullu balıqçısı olan, təxminən 30 ildir bu işlə məşğul olan Çingiz Qənizadə ilə həmsöhbət olub.

- Balıqçılığa necə başlamısınız?

- 15 yaşım olanda əsəbi yeniyetmə idim, tez-tez stress yaşayırdım. Sakitləşmək istəyirdim və bu səbəbdən müalicə alırdım. Amma heç nə kömək etmirdi. Bir dəfə həkim terapevtik məqsədlə balıqçılıqla məşğul olmağı məsləhət gördü. Beləcə başladım.

Öyrənməni özüm həyata keçirirdim: alınmırdısa, baxırdım, başqalarından soruşurdum, yenidən cəhd edirdim. Azərbaycanda xüsusi məktəb və ya kurs yoxdur, buna görə bütün təcrübə praktikadan gəlir. Zaman keçdikcə hansı balığa hansı ləvazimatın lazım olduğunu, çubuğu necə düzgün atmağı, balığın nə vaxt sahilə yaxınlaşdığını, nə vaxt dərinliyə getdiyini öyrənirsən. Xatırlayıram, əvvəlcə ən kiçik balığa belə sevinirdim, evə gətirirdim, sonra isə hansı növlərin yeyilə biləcəyini, hansının olmadığını ayırd etməyi öyrəndim.

Balıqçılıq məni həqiqətən dəyişdi, sakitləşdirdi. Bu məşğuliyyət insanı zərərli vərdişlərdən uzaqlaşdırır: əsl balıqçının zərərli vərdişləri olmur, çünki bütün boş vaxtını sevdiyi işə sərf edir.

- İdman balıqçılığına necə keçdiniz?

- Bu işə qoşulanda həm ölkədə, həm də xaricdə mənəvi yaxın insanlar axtarmağa başladım. Türkiyədə çoxlu balıqçı dostlarım yarandı. Onlar mənə bu istiqamət üzrə yarışların keçirildiyini və idman balıqçılığının müxtəlif növlərinin olduğundan danışdılar.

Məsələn: serfkastinq. Bu növ uzaqmənzilli atışla sahildən balıq tutmaqdır. Digər karpfişinq adlanır. Bu növ iri ölçülü sazan balıqlarını tutmaqdan ibarətdir (onun ləvazimatları tamamilə fərqlidir). Fider - adətən şirin sudan qidalandırıcı ilə balıq tutmaqdır. Spinning – yayın balığı və ya qızılbalığı aparma üsulu ilə tutmaqdır. Hətta yalnız uzaqməsafəli atışın qiymətləndirildiyi ayrıca disiplin - lonqkastinq mövcuddur.

Azərbaycanda müxtəlif balıqçılıq növlərinin olduğunu başa düşürdük, amma terminləri bilmirdik. Mən bir çox istiqamətləri sınadım, lakin məni ən çox serfkastinq cəlb etdi. O vaxtdan yalnız bu disiplin üzrə yarışlarda iştirak edirəm.

- İlk turnirinizi xatırlayırsınız?

- Bəli, bu xaricdə idi. İlk turnirlərdə heç nə alınmırdı - texnika, ləvazimatlar, hətta balıqlar belə bizimkilərdən fərqlənirdi. Azərbaycanda balıq növləri digər ölkələrlə müqayisədə azdır. Yeni növləri uzun müddət internetdə öyrənirdim və bu biliklər yarışlarda çox işimə yarayırdı. Hər səfərdə daha təcrübəli olurdum.

- İdman balıqçılığı adi balıqçılıqdan nə ilə fərqlənir?

- Birincisi, idmanda peşəkar və baha ləvazimatlardan istifadə olunur. İkincisi, yarışlarda balıq tutma vaxtı dəqiq şəkildə müəyyən olunur. Hər disiplinin öz qaydaları var, lakin serfkastinqdə hər bir balıq uzunluğuna görə müəyyən xal gətirir. Üçüncüsü, müasir turnirlərin əksəriyyətində “tut-burax” konsepti tətbiq edilir. Adi balıqçılıqda istirahətə gəlirsən - balığı buraxmaq və ya saxlayıb-saxlamamaq öz seçiminə bağlıdır. Fərqli ölkələrdə dənizin və canlı aləmin xüsusiyyətlərinə görə tutma texnikası dəyişir.

İdmançını adi balıqçıdan fərqləndirən mədəniyyət və intizamdır. Peşəkar hər zaman arxasında təmizlik buraxır, başqalarına mane olmur və rəqiblərə hörmətlə yanaşır. Elə insanlar var ki, yaxşı balıq tutur, amma yarışlarda düzgün davranış qaydalarını bilmir - biz onları xaricə aparmırıq, onlar Azərbaycanı təmsil edə bilməzlər.

- Peşəkar balıqçı ekologiya ilə maraqlanmalıdırmı?

- Mütləq. Bizim şüarımız: “Təbiəti qoruyun - sağlam yaşayın”.

Hər il qışda çətinlik çəkən heyvanları yemləmək üçün dağlara və meşələrə gedirik. Müntəzəm olaraq sahil zolaqlarını təmizləyirik, tullantıları yığırıq.

Mən ölkəmizdə balıq sayının azaldığını görürəm və bu məni çox kədərləndirir. Səbəb - sintetik torlardır. Bu torlarla xırda balıq tutulur və onların böyüməsinə imkan verilmir. Hətta kürütmə dövründə belə torlar dənizə salınır və kürünü məhv edir. Əvvəllər təbii torlardan istifadə edilirdi - onlar dənizdə çürüyür və ekosistemə ziyan vermirdi. Sintetik tor isə dənizin dibində onilliklərlə qalır (“Euroshish” təşkilatının məlumatına görə, onların parçalanması üçün 400-600 il lazım olur - müəllifin qeydi). Biz bu torları dəfələrlə dənizdən çıxarmışıq, Ekologiya Nazirliyinin əməkdaşları ilə müzakirə etmişik, amma bu günə qədər istifadə edilir və buna göz yumulur.

- Klubunuz haqqında danışaq. Necə yarandı?

- Hər şey beş dostun “WhatsApp”da yazışmasından başladı. Sonra daha ciddi bir iş görmək qərarına gəldik, digər balıqçıları da dəvət etdik və klub yarandı. Sonradan iki təsisçi şəxsi səbəblərə görə ayrıldı, amma üzvlərin sayı çoxaldı. Biz Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş yeganə balıqçılıq klubuyuq.

- Azərbaycanda idmançı balıqçı çoxdurmu?

- Az deyil. Amma beynəlxalq turnirlərə mütəmadi gedənlərin sayı təxminən 15-20 nəfərdir. Təəssüf ki, çoxu həvəskar səviyyəsində qalır: ya vaxt çatmır, ya da inkişaf üçün maliyyə imkanları yoxdur. Xaricə bir turnir səfəri minimum 2000 manata başa gəlir. Bundan əlavə, yarışlara yaxşı ləvazimatlarla getmək lazımdır. Necə ki, cüdoçu bazardan alınmış kimono ilə beynəlxalq yarışa getməz - bizdə də eynidir: yaxşı çarxın qiyməti 500 manatdan başlayır.

Bildirə bilərəm ki, dünya çempionatları istisna olmaqla, demək olar bütün beynəlxalq turnirlərdə iştirak edirik. Bizi dəvət ediblər, lakin federasiya, rəsmi maliyyə və dəstək olmadan bu mümkün deyil. Təəssüf ki, Azərbaycanda belə bir struktur yoxdur və görünür ki, yaradılması da planlaşdırılmır. Biz klub olaraq bacardığımız hər şeyi etmişik: bizi Yunanıstan, Polşa, İtaliya, Mərakeş, Tunis və bir çox ölkələr tanıyır.

- İdmançılarımızın xaricə səfəri kim tərəfindən maliyyələşdirilir?

- Klubda aylıq 20 manat üzvlük haqqı ilə formalaşan fond var. Bu vəsait xarici yarışlara idmançı göndərmək üçün istifadə olunur. Məsələn, bu il iki azərbaycanlı balıqçı tamamilə klub hesabına Türkiyədə keçirilən turnirdə iştirak edib.

Klubun sədri və sədr müavinlərindən ibarət şurası var. Kimin göndəriləcəyini və maliyyənin necə bölünəcəyini biz müəyyən edirik. Adətən son yerli turnirin mükafatçıları seçilir. Bundan başqa, biz təsisçilər şəxsi vəsaitimizi də xərcləyirik. Mən klubdan bir qəpik də qazanmıram - mebel biznesi ilə məşğulam və qazancımın bir hissəsini bu işin inkişafına yönəldirəm.

- Azərbaycanda yarışlar keçirilirmi?

- Bəli! Üç dəfə beynəlxalq “Odlar Yurdu” turnirini keçirmişik. Azərbaycana təxminən 40 xarici iştirakçı gəlib. Apreldə dördüncüsünü təşkil etməyi planlaşdırırıq. ISFC – “International Surfcasting Friendship Cup” adlı beynəlxalq təşkilat var. Biz onların bir turnirində iştirak etdik, avadanlığımızı və hazırlıq səviyyəmizi yüksək qiymətləndirib Azərbaycanda yarış keçirməyi təklif etdilər. Beləcə, Azərbaycan belə turnir keçirmə hüququ olan 8 ISFC üzvündən biri oldu.

Qeyd edim ki, yarışların təşkilini Azərbaycanda biz tam şəkildə özümüz həyata keçiririk: hava limanından qonaqları qarşılamaqdan tutmuş, onları öz avtomobillərimizlə otelə aparmağa qədər. Buna 15-20 gün fasiləsiz iş sərf olunur.

Maliyyə tərəfinə gəldikdə, bir balıqçılıq mağazası bizə müəyyən dəstək verir. Hər dəfə yeni tərəfdaş tapmağa çalışırıq. Bir dəfə xarici iştirakçıların yerləşdirilməsi üçün otellə razılıq əldə etmişdik. Yaxınlarda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə uşaqlar üçün turnir keçirdik ki, gəncləri idmana cəlb edək və zərərli vərdişlərdən uzaqlaşdıraq.

- Hansı ölkələrdə idman balıqçılığı daha çox inkişaf edib?

- Belə deyim: İtaliya artıq 30-cu turnirini keçirib. Türkiyə - 8-ci. Qazaxıstanda çox güclü idmançılar var, onlarla əməkdaşlıq edirik. Tunisdə dünya çempionatı təşkil olunub. Bir çox ölkələrdə balıqçılıq yüksək səviyyəyə çatıb – federasiyalar, infrastruktur, ciddi dəstək var. Məsələn, Polşada turnir keçiriləndə klublar sadəcə iştirak edir, təşkilati və maliyyə məsələlərini federasiya həll edir. Bizdə isə bu yoxdur.

- Bizim idmançılar xaricilərlə rəqabət apara bilərmi?

- Əlbəttə. Məsələn, mənim dörd kubokum var. Digər uşaqlarda da mükafatlar var. Tələbkar və istedadlı balıqçılarımız çoxdur, amma dəstək çatışmır.

- Balıqçılıqda şəxsi rekordlarınız nələrdir?

- Sentyabr ayında Polşada 170 iştirakçı arasında ən böyük balığı mən tutdum. Bu kütüm idi – adətən 20-23 sm olur. Mənim tutduğum isə 29 sm idi.

- Sizdə tutması ən asan “sevimli” balıq varmı?

- Azərbaycanda bu, kütüm və dəniz kefalıdır. Amma bir nüans var: kefal üçün dəniz qurdlarından istifadə edilir və onlar çirklənir, əlləri murdarlayır. Etik və ekoloji səbəblərə görə idman yarışlarında canlı yem istifadəsi qadağandır.

- Azərbaycanda balıqçılıq üçün ən yaxşı yerlər hansılardır?

- Şirin su üçün çox yer var, amma dəniz balıqçılığı – bizim ən böyük dərdimizdir. Xaricdə dəniz sahili heç vaxt “ələ keçirilmir”. Bizdə isə sahilboyu ərazilər restoranlar və şəxsi obyektlərlə bağlanıb. Deyirlər: “Bura mənim yerimdir, balıq tutmaq olmaz”. Sizi qovurlar. Sahilimizin 80%-i balıqçıların üzünə bağlıdır. Bu, balıqçılıq mədəniyyətinin inkişafını ləngidir. Polşa, Yunanıstan – heç yerdə belə şey görməzsiniz. Dənizi sadəcə hasarlamaq olmaz.

- Azərbaycanda qadın və uşaqların balıqçılığa marağı varmı?

- Bir-iki qadın görmüşük, amma onlarla yaxından işləmək və ya fəaliyyətlərini izləmək mümkün olmayıb. Qadınları bu sahəyə daha çox cəlb etmək istərdik, çünki xaricdə bu bir ailə idmanıdır: yarışlara həm xanımlar, həm uşaqlar gəlir. Qadınlar üçün ayrıca çempionatlar keçirilir, bizdə isə hələ ki yoxdur.

Yəqin ki, məsələ mentalitetdədir. Azərbaycanda balıqçılıq hələ o səviyyəyə çatmayıb. Bəli, inkişaf edirik, amma hələ hamının rahat şəkildə həyat yoldaşını götürüb balıqçılığa getdiyi səviyyədə deyilik. Balıqçılıq zamanı tez-tez soyuqda qalmaq lazım olur… Və ümumiyyətlə, ətrafda əsasən kişilər olur.

Gənclərə gəldikdə, əvvəllər balıqçılıqla daha çox yaşlı insanlar məşğul olurdu. Son illərdə sosial şəbəkələrin təsiri ilə getdikcə daha çox gənc maraq göstərir. Tez-tez yanımıza gəlib nə etdiyimizi, hansı ləvazimatdan istifadə etdiyimizi, balıqçılığa nə aparmağın lazım olduğunu soruşurlar. Bir çoxu bizə qoşulur və birlikdə balıq tuturuq.

- Sonda: balıqçılığı darıxdırıcı hesab edənlərə nə demək istərdiniz?

- Belə deyənlər balıqçılıqda heç vaxt olmayıb. Bu gün insanlar daim tələsir, əsəbləşir, tez-tez “gün necə keçdi, bilmədim” deyirik. Amma balıqçılıqda zaman sanki dayanır. Belə bir deyim var: “Balıqçıda keçirilən vaxt ömürdən hesablanmır”. Mənim üçün balıqçılıq - həyat tərzidir. Təbiət, təmiz hava… Bir nöqtəyə uzun müddət baxıb balığın yaxınlaşmasını gözləmək… Bu tamamilə başqa aləmdir. Orada nə iş, nə də problemlər barədə düşünürəm. Öz daxili sakitliyimi tapıram.

Leyla Eminova

İdman.Biz