Əfsanəvi uelsli futbolçu Qaret Beyl karyerası ilə bağlı “The Footy Section” dərgisinə maraqlı açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, 36 yaşlı keçmiş futbolçu “Real”da (Madrid) keçirdiyi illərdən danışıb.
Q. Beyl bildirib ki, zədələr karyerasının əsas dönüş nöqtəsi olub:
“Zədələr olmasaydı, adım Kriştianu Ronaldu və Lionel Messi ilə eyni səviyyədə müzakirə olunardı”.
Uelsli hücumçu “Real”da məşqlər zamanı standart vəziyyətlərin icrasında daha üstün olduğunu deyib:
“Məşqlərdə ən yaxşı cərimə zərbəsi ustası və ən yaxşı finiş edən oyunçu mən idim. Amma Kriştianu cərimə zərbələrini və bütün standart vəziyyətləri öz üzərinə götürməyi üstün tuturdu. Buna baxmayaraq, məşqlərdə cərimə zərbələrindən qol vurma faizim onunkundan daha yüksək idi”.
Beyl Çempionlar Liqasının finalında “Liverpul”a vurduğu möhtəşəm qolla bağlı da danışıb:
“Finalda “Liverpul”a inanılmaz bir qol vurdum. Amma hamı həmin qolun Çempionlar Liqası tarixinin ən yaxşı qolu olduğunu qəbul etməkdən çəkinir – tək səbəb adımın Qaret Beyl olmasıdır”.
Məlumat üçün əlavə edək ki, Qaret Beyl 2023-cü ilin yanvar ayında peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Onun sonuncu klubu ABŞ-nin “Los Anceles” klubu olub. Hazırda Qaret Beyl peşəkar şəkildə qolfla məşğuldur.
