Azərbaycan çempionatı tarixində çıxış etmiş yeganə islandiyalı futbolçu Hannes Halldorsondur. 41 yaşlı sabiq qapıçı 2018/2019-cu illər mövsümündə “Qarabağ”ın formasını geyinib. 2022-ci ildə karyerasını başa vuran Halldorsson 2011-2021-ci illər ərzində İslandiya millisinin heyətində 77 matçda iştirak edib.
İdman.Biz xəbər verir ki, qolkiper AFFA-nın mətbuat xidmətinə müsahibəsində məhz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İslandiya oyunu ilə bağlı fikirlərini bildirib.
– Azərbaycan və İslandiya yığmaları arasında keçiriləcək qarşılaşmadan gözləntiləriniz nələrdir?
– Oyun çətin olacaq. Reykyavikdə İslandiya çox yaxşı çıxış etmişdi, amma Azərbaycan evdə həmişə güclü oynayır. Ukrayna ilə öz meydançasındakı matçda qeydə alınan nəticə bunu göstərir. Buna görə də bizi çox çətin qarşılaşma gözləyir.
– Ukrayna ilə qrupda ikinci yer uğrunda mübarizə baxımından bu görüş İslandiya üçün həlledici sayıla bilərmi?
– Bəli, tamamilə həlledici oyundur. İslandiya ümidlərini son tura qədər qorumaq üçün mütləq qalib gəlməlidir.
– Reykyavikdəki ilk oyundan sonra Azərbaycan millisinin baş məşqçisi dəyişib. Sizcə, bu dəfə əvvəlkindən fərqli ssenari görə bilərikmi?
– Bəli, şübhəsiz fərqli olacaq. Azərbaycan evdə daha güclüdür və yeni baş məşqçi adətən komandaya əlavə motivasiya gətirir. İslandiya bunun fərqində olmalı və oyunda bütün gücünü ortaya qoymalıdır.
– 2018/2019-cu illər mövsümündə Azərbaycanda “Qarabağ”ın formasını geyinmisiniz və həmin komandadan bir neçə futbolçu indi milli yığmamızın üzvüdür. Bu, oyunu sizin üçün daha çətin və ya emosional edirmi?
– Bəli, bu, matçı mənim üçün daha maraqlı edir. Reykyavikdəki görüşü izləmişdim. Şahruddin Məhəmmədəliyev, Mahir Emreli və digər sabiq komanda yoldaşlarımı meydanda görmək xoş idi. Şahruddin bir neçə möhtəşəm qurtarış etdi və əslində həmin oyunda əlindən gələni etdi.
– Azərbaycanda futbolçu kimi keçirdiyiniz günləri necə xatırlayırsınız?
– Bakıda keçirdiyim günlərə böyük və xoş xatirə kimi baxıram. Bu, mənim həyatımda çox dəyərli bir təcrübə idi. Ailəm ilə birlikdə Azərbaycanı tanımaqdan məmnunam. Hələ də yaxın dostum Nurlan Hüseynovla əlaqə saxlayıram və ona salamlarımı çatdırıram.
– Sonda, “Qarabağ”ın cari mövsümdə UEFA Çempionlar Liqasındakı çıxışı barədə fikirləriniz necədir?
– “Qarabağ”ın uğurlarına çox sevinirəm. Bu mövsüm əldə etdikləri nəticələr heyrətamizdir və bu da İslandiya üçün oyunun nə qədər çətin olacağını göstərir. “Qarabağ” böyük klubdur və onlara gələcəkdə uğurlar arzulayıram.
