“Real Madrid”in keçmiş oyunçusu Raul Albiol “Los Blancos”un baş məşqçisi Xabi Alonsonun inkişafına dair fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, ispaniyalı müdafiəçi Alonsonun məşqçilik potensialının hələ futbolçu olduğu vaxtlardan göründüyünü deyib.
“Səmimi desəm, onun əla məşqçi olacağı əvvəldən aydın idi. O, atasından futbol düşüncəsini miras alıb və oyunçu kimi lazım olan bütün keyfiyyətlərə sahib idi. Sadəcə bunu mən gözlədiyimdən daha tez sübut etdi”, - deyə Albiol bildirib.
Təcrübəli müdafiəçi həmçinin “El Klasiko”da Vinisius Juniorun emosional davranışına da toxunub:
“Başa düşmək lazımdır ki, hətta ulduz futbolçular da hər dəfə meydanda 90 dəqiqə qalmalı deyil. Zaman keçdikcə o anlayacaq ki, emosiyalarını daha yaxşı idarə etməlidir”.
Albiol “Barsa”nın gənc hücumçusu Lamin Yamal barədə səslənən reaksiyalara da münasibət bildirib:
“Lamin Yamal çox gəncdir, öyrənməlidir. Karyerasının müəyyən məqamlarında bəzi açıqlamalarında və ya davranışlarında səhvlər etməsi normaldır. Bu, bütün futbolçulara olur. Hazırda o çox yaxşı vəziyyətdədir, keçən mövsüm göstərdiyi səviyyədən sonra artıq dünyanın ən yaxşı oyunçuları ilə eyni səviyyədə müzakirə olunur. Buna görə də onun hər addımı və dediyi hər söz yaxından izlənilir. Onu bir az rahat buraxmaq lazımdır. Nəticədə o, sadəcə 18 yaşlı bir uşaqdır”.
