“Zəngəzur”, “Şirvan” və “Hypers” cəzalandırıldı

13 Oktyabr 2026 11:20
92
“Zəngəzur”, “Şirvan” və “Hypers” cəzalandırıldı

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun birinci təsnifat mərhələsində baş verən qayda pozuntularına görə üç klubu ümumilikdə 650 manat cərimələyib, bir futbolçuya isə bir oyunluq cəza verib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Oktyabrın 8-də keçirilən “Difai” - “Zəngəzur” oyunundan sonra “Zəngəzur” komandasının paltardəyişmə otağına zərər vurulması ilə əlaqədar klub 100 manat cərimələnib.

Həmin gün keçirilən “Şirvan” - “Kür-Araz” matçı “Şirvan” komandasının formasında yaranan problemə görə gec başladığından klub 150 manat cərimə edilib.

Oktyabrın 9-da baş tutan “Ağdaş” - “Hypers” qarşılaşmasının 6-cı dəqiqəsində “Hypers”in futbolçusu Saleh Süleymanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Qərara əsasən, futbolçu bir oyunluq diskvalifikasiya edilib, klub isə 100 manat cərimələnib.

Həmin oyunda “Hypers” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə görə kluba əlavə olaraq 300 manat cərimə tətbiq olunub.

İdman.Biz