“Millimizi növbəti çətin oyun gözləyir. Üç gün öncə güclü Fransaya qarşı böyük qüvvə sərf etmişik. Bu baxımdan fiziki durumun bərpa olunması vacibdir”.
Bu sözləri sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:
“Futbolçularımız üç gündən bir matça çıxmağa alışmayıblar. Heyətimiz geniş olmadığı üçün çətinliklə üzləşə bilərik. Ukrayna İslandiyaya qalib gəlməklə ikinci yer uğrunda şanslarını daha da yaxşılaşdırıb. Onlar millimizlə oyunda xal itirməməyi düşünürlər. Millimizə daha böyük qüvvə və şans lazımdır ki, bu oyundan xal alaq. Xal qazanmaq üçün şans həmişə var. Ayxan Abbasov gələndən oyunda yaxşıya doğru cizgilər hiss olunur. Komandamız daha istəkli oynayır. Bu matçda komanda hücum baxımından özünü yaxşı tərəfdən göstərə bilsə, istədiyimiz xalı ala bilərik”.
Qeyd edək ki, Ukrayna - Azərbaycan matçı bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində keçiriləcək.