Fransa yığması dünyanın ən güclü komandalarından biridir və qrupumuzun əsas favoritidir. Buna baxmayaraq, millimiz son ana qədər mübarizəni davam etdirməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi, UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov yığmamızın DÇ-2026-nın seçmə mərhələsində bu gün Fransa ilə keçirəcəyi matç barədə danışarkən deyib.
O, səfər qarşılaşmasının millimiz üçün çətin sınaq olacağını söyləyib: “İstərdik ki, komandamız Vətənə xalla qayıtsın. Amma reallığı nəzərə alsaq, bu, asan görünmür. Lakin futbol sürprizlərlə doludur. Hər şey mümkündür. Yığmamız Ukrayna ilə keçirdiyi son matçda (1:1) çox yaxşı əzmkarlıq nümayiş etdirdi. Futbolçularımız milli ruh və yüksək motivasiya ilə meydana çıxmışdılar. Fransa ilə görüşdə də eyni yanaşmanı görmək istərdik. Hətta məğlub olsaq belə, əsas odur ki, meydanda əlimizdən gələni etdiyimizi deyə bilək. Bu düşüncə ilə matça çıxmaq daha doğru olar”.
Əsədov, həmçinin yeni baş məşqçi Ayxan Abbasovun komanda ilə daha çox vaxt keçirdiyini və futbolçuların potensialını yaxşı bildiyini vurğulayıb: “İlk oyunda o, futbolçularla az müddət bir yerdə oldu. Bu dəfə isə bir neçə məşq keçirilib və yığmanın meydana hansı taktiki sxemlə çıxacağı artıq bəllidir. Futbolçuların potensialını Ayxan Abbasov daha yaxşı bilir. Təbii ki, Fransaya qarşı dominant futbol gözləmək real deyil. Daha çox müdafiə olunmaq barədə düşünəcəyik. Ümid edirəm ki, bu görüşdə döyüşkən milli komanda görəcəyik”.
Qeyd edək ki, “Park de Prens” stadionunda keçiriləcək Fransa-Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.