"Milliyə dəvət aldığım üçün də xoşbəxtəm".
Bunu "Sumqayıt"ın və millinin futbolçusu Rüstəm Əhmədzadə Sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Ayxan Abbasovun millinin baş məşqçisi təyin olunması ilə bağlı fikirlərin maraqlıdır. Bu qərarı eşidən necə qarşıladın?
- O, buna layiqdir. Mən də çox sevindim. Bu mütəxəssislə xüsusi münasibətim var. Komandanın son toplanışı da mənə müsbət təsir edib. Milliyə dəvət aldığım üçün də xoşbəxtəm. Baş məşqçimizin mənə olan etimadını doğrultmaq istəyirəm və bunun üçün əlimdən gələni edəcəyəm.
- Yerli olmasını əlavə üstünlük hesab edirsinizmi?
- Mən elə düşünürəm. Çünki yerli mütəxəssis mentaliteti bilir. Ümumilikdə oyunçular da onu daha yaxşı başa düşürlər. Bundan əlavə, vətənə və millətə sevgi də var.
- Milli ilk olaraq Fransa, ardınca Ukrayna ilə üz-üzə gələcək. Bu matçlardan gözləntilərin nədir?
- Nəsə söyləmək çox çətindir. Komanda ruhu ilə meydana çıxmaq önəmlidir. Hamımız əlimizdən gələni etməliyik. Sonra nəticələrin necə olacağını görəcəyik.
- İlk rəqibin Fransa olması sizdə əlavə təzyiq yaradır?
- Məncə Fransa ilə hansı vaxt qarşılaşmağın fərqi yoxdur. Bu səbəbdən əlavə təzyiqin olacağını düşünmürəm.
- Bakıdakı qarşılaşmada Ukrayna ilə heç-heçə etdik. Növbəti matçda rəqib bunun əvəzini çıxmağa çalışacaq. Polşadakı görüşdən xalla qayıtmaq mümkündürmü?
- Bəli. Ukrayna həmin matça daha motivasiyalı çıxacaq. Amma biz özümüzə inanmalıyıq. Maksimum dərəcədə öz oyunumuzu sərgiləməliyik. Xal əldə etmək üçün şansımız varmı? Bunu oyunda görəcəyik.