“Team Visma-Lease a Bike” komandasının danimarkalı velosipedçisi Yonas Vingeqor “Ciro d’İtaliya” çoxgünlük yarışının ümumi təsnifatında qalib olub.
İdman.Biz xəbər verir ki, 29 yaşlı idmançı karyerasında ilk dəfə bu yarışın baş mükafatını qazanıb. Vingeqor bununla dördüncü Qrand-tur tituluna sahib çıxıb. O, daha əvvəl iki dəfə “Tur de Frans”da, bir dəfə isə “Vuelta a Espana”da birinci olub.
“Ciro d’İtaliya”nın rəsmi nəticələrinə əsasən, Vingeqor ümumi təsnifatı 83 saat 22 dəqiqə 51 saniyə nəticə ilə başa vurub. Avstriyalı Feliks Qall ondan beş dəqiqə 22 saniyə geri qalaraq ikinci yeri tutub. Avstraliyalı Cey Hindli isə altı dəqiqə 25 saniyə fərqlə üçüncü olub.
Bu qələbə Vingeqoru bütün üç Qrand-turu qazanan səkkizinci kişi velosipedçi edib. O, həm də bunu bacaran ilk danimarkalı idmançı kimi tarixə düşüb.
Yarışın son mərhələsi Romada başa çatıb. Final mərhələsində italiyalı Conatan Milan sprintdə qalib gəlib. Xal təsnifatında fransalı Pol Manye, dağ təsnifatında isə italiyalı Culio Çikkone fərqlənib.
