Azərbaycanda peşəkar velosiped komandasının yaradılması ilə bağlı danışıqlar aparılır - ÖZƏL

21 May 2026 16:48
129
Azərbaycanda peşəkar velosiped komandasının yaradılması ilə bağlı danışıqlar aparılır - ÖZƏL

"Hazırda Azərbaycanda peşəkar kontinental velosiped komandasının yaradılması ilə bağlı danışıqlar aparılır".

Bu barədə İdman.Biz-ə Azərbaycan velosiped yığmasının idman direktoru və baş məşqçisi, qazaxıstanlı mütəxəssis Vladimir Buşanski məlumat verib.

Mütəxəssis bildirib ki, hazırda danışıqlar davam edir və yaxın vaxtlarda bütün məsələlərin həll olunması gözlənilir.

“Ən önəmlisi odur ki, layihəyə hər kəs böyük maraq göstərir və gündəmdə olan bütün məsələlərin həlli mümkündür. Əsas məqsəd isə layihənin ən azı bir Olimpiya dövrü üçün nəzərdə tutulmasıdır ki, həm məşqçilər, həm də idmançılar hazırlıq prosesini düzgün planlaşdıra və qarşılarına konkret hədəflər qoya bilsinlər”, - deyə Buşanski bildirib.

O qeyd edib ki, kontinental komanda yaradılacağı təqdirdə heyətə əcnəbi velosipedçilərin də cəlb olunması planlaşdırılır.

“Şübhəsiz ki, komandanın əsasını azərbaycanlı velosipedçilər təşkil edəcək. Bununla yanaşı, müəyyən sahələr üzrə xarici idmançılar da cəlb oluna bilər. Məsələn, dağ mərhələləri üzrə mütəxəssis və ya sprint üzrə ekspert komandanı gücləndirə bilər. Ümumilikdə belə bir komandanın yaradılması azərbaycanlı gənc velosipedçilərin inkişafı üçün müsbət addım olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, əvvəllər Azərbaycanda beynəlxalq arenada uğurlu nəticələr göstərən “Baku Synergy Cycling Project” adlı kontinental velosiped komandası fəaliyyət göstərib.

Xatırladaq ki, “Bakı-Xankəndi” veloyürüşündə Azərbaycanı Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov və Maksim Trendelev təmsil ediblər.

İdman.Biz