“Bakı-Xankəndi” beynəlxalq velosiped yarışı konsert proqramı ilə başa çatıb - VİDEO

14 May 2026 17:48
202
“Bakı-Xankəndi” beynəlxalq velosiped yarışı konsert proqramı ilə başa çatıb - VİDEO

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı-Xankəndi” veloyarışına konsert proqramı ilə yekun vurulub.

İdman.Biz xəbər verir ki, Bakıdan start götürən və Xankəndidə başa çatan yarışın bağlanış mərasimi incəsənət nümayəndələrinin iştirakı ilə təşkil olunub.

Sonuncu, beşinci mərhələdə idmançılar Tərtər-Ağdam-Füzuli-Şuşa-Xankəndi marşrutu üzrə 181,5 kilometr məsafə qət ediblər. Dağlıq və çətin profilə malik bu mərhələ İspaniyanın “Burgos Burpellet PH” komandasının üzvü Coş Barnettin solo hücumu ilə yadda qalıb. O, finişi 4 saat 16 dəqiqə 35 saniyəyə tamamlayaraq birinci olub. Qazaxıstanın “XDS Astana” World Tour komandasından Henok Mulubrhan ikinci yeri tutub və 4-cü mərhələdən sonra bu dəfə də podiumda yer alıb. İlk üçlüyü isə “Burgos Burpellet PH”ın digər velosipedçisi Erik Antonio Faqundes tamamlayıb.

Son mərhələnin nəticələri ümumi təsnifatda da dəyişiklik yaradıb. Günün qalibi olan Coş Barnett liderliyə yüksələrək mavi köynəyin sahibi olub. Ümumi sıralamada Henok Mulubrhan ikinci, İtaliyanın “Solution Tech NIPPO Rali” komandasının üzvü Aleksandr Balmer isə üçüncü pillədə qərarlaşıb.

Mulubrhan eyni zamanda “Sea Breeze” tərəfindən təqdim olunan ən yaxşı sprinter üçün yaşıl köynəyi də qazanıb. Dağlar üzrə liderlik formasını – qırmızı köynəyi Belçikanın “Tarteletto-Isorex” komandasından Lennert Tögelz əldə edib. Gənclər arasında ən yaxşı nəticə göstərən və “Azvirt”in mükafatlandırdığı ağ köynək isə İspaniyanın “Equipo Kern Pharma” komandasının üzvü İker Qomezdə qalıb.

Komanda hesabında isə “Burgos Burpellet PH” birinci yeri tutub. Onların ardınca İtaliyanın “Bardiani CSF Faizanè” komandası ikinci, İspaniyanın “Equipo Kern Pharma” kollektivi isə üçüncü olub.

Mükafatlandırma mərasimində qaliblərə mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, Ağdam, Füzuli və Xocavənd üzrə xüsusi nümayəndə Emin Hüseynov, həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Zaur Axundov və icraçı vitse-prezident Fikrət Hüseynov təqdim ediblər.

Araz Xəlilli

İdman.Biz