Sahib Ələkbərov: “24 komanda Azərbaycana yenidən gəlmək istəyəcək”

13 May 2026 13:54
122
Sahib Ələkbərov: “24 komanda Azərbaycana yenidən gəlmək istəyəcək”

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının yüksək səviyyədə keçdiyini bildirib.

İdman.Biz xəbər verir ki, turnirin Təşkilat Komitəsinin sədri olan funksioner yarışın təşkilatçılığı və təhlükəsizlik tədbirləri barədə danışıb.

Sahib Ələkbərov yarışın təşkilatçılığından razı qaldığını bildirib. O qeyd edib ki, ölkənin bütün bölgələrində iştirakçıları cəlbedici təbiət mənzərələri qarşılayır və turnir plan üzrə uğurla davam edir. Funksionerin sözlərinə görə, yarış müddətində təhlükəsizliklə bağlı bütün zəruri tədbirlər görülüb. Ələkbərov hesab edir ki, Azərbaycanda çıxış edən 24 komandanın hamısı ölkədən xoş təəssüratlarla ayrılacaq və gələcəkdə yenidən buraya qayıtmaq istəyəcək. O, həmçinin mükafatçılara təbriklərini çatdırıb.

Təşkilat Komitəsinin sədri ölkədə velosiped idmanına marağın böyük olduğunu vurğulayıb. Onun sözlərinə görə, həvəs olan yerlərdə bu istiqamətdə işlər təbii şəkildə inkişaf edir. Funksioner qeyd edib ki, elə kəndlər var, sakinlər maşından istifadə etmədən gündəlik həyatlarında velosiped sürürlər.

O əlavə edib ki, son yeddi-səkkiz ay ərzində bir sıra rayonlarda velosiped bölmələri yaradılıb və həmin bölmələr zəruri avadanlıqla təmin olunub. Uşaqların da bu idman növünə cəlb edildiyini vurğulayan Ələkbərov Gədəbəy, Qəbələ və Şamaxıda bölmələrin fəaliyyət göstərdiyini, Qazaxda da belə bir bölmənin yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, veloyürüşün Qəbələ-İsmayıllı üzrə üçüncü mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa olub. Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

Araz Xəlilli

İdman.Biz