“Bakı-Xankəndi” veloyürüşünün türkiyəli idmançısı: “Qardaş ölkədə yarışmaq xüsusi hissdir” - VİDEO

13 May 2026 11:25
173
“Bakı-Xankəndi” veloyürüşünün türkiyəli idmançısı: “Qardaş ölkədə yarışmaq xüsusi hissdir” - VİDEO

“Qardaş ölkə Azərbaycanın küçələrində yarışmaq bizim üçün böyük qürur hissidir”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının dördüncü mərhələsində iştirak edən “Spor Toto” velosiped komandasının üzvü Ahmet Örkən Azərbaycan Velosiped Federasiyasına açıqlaması zamanı deyib.

O bildirib ki, 2017-ci ildə də Azərbaycanda keçirilən turnirdə iştirak edib:

“Həqiqətən çox gözəl atmosfer var idi. Çox çətin marşrutlardan keçdik. Tarixi bölgələrdən, küçələrdən və şəhərlərdən keçmək bizim üçün xüsusi təcrübə oldu. Buna görə çox xoşbəxt idik.

Burada olmaqdan və yarışmaqdan həqiqətən qürur duyuruq. Müxtəlif bölgələrdə Türkiyə və Azərbaycan bayraqlarını yanaşı görmək bizi çox sevindirir. Bütün idmançılarımız və texniki heyət olaraq bundan böyük məmnunluq duyuruq. Ümumilikdə, bu ilki mərhələlər də kifayət qədər çətindir. Xüsusilə sabah keçiriləcək son mərhələ çox ağır olacaq”.

O qeyd edib ki, Azərbaycan xalqı da yarışa böyük maraq göstərir:

“Yollarda çoxlu tamaşaçı görürük. Bu da bizi sevindirir. Qardaşlarımızın bizi və yarışçıları dəstəkləməsi həqiqətən qürurverici atmosfer yaradır”.

Qeyd edək ki, veloyürüşün Qəbələ-İsmayıllı üzrə üçüncü mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa olub. Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

İdman.Biz