“Yarışın əvvəlində güclü yan küləklər işimizi bir qədər çətinləşdirdi”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında “Bakı-Xankəndi” veloyürüşündə iştirak edən Belçikanın “Tarteletto-Isorex” komandasının üzvü Arne Santi deyib.
O bildirib ki, bugünkü mərhələ ümumilikdə uğurlu keçib:
“Təxminən 40-cı kilometrdən sonra əsas yolda sağa döndük. Bilirdik ki, həmin hissədə yan küləklər olacaq. Komandamız da düzgün mövqe tutduğu üçün ilk qrupda beş nəfərlə təmsil olunurduq. Sonradan isə yekun yoxuşlarda qrup parçalandı və yarış bizim üçün daha da çətinləşdi. Birinci kateqoriyalı son yoxuş xüsusilə dik və ağır idi. Mənim üçün mərhələnin ən çətin hissəsi məhz həmin yer oldu”.
Qeyd edək ki, bu gün baş tutan veloyürüşün Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi qazaxıstanlı Yevgeniy Fedorov olub. Ötən gün baş tutan Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.
Araz Xəlilli
